Xəbər lenti

Bakıda şirkət rəhbəri işçilərini döyür - Şok açıqlama
Ölkə06:42 18.08.2015

Bakıda şirkət rəhbəri işçilərini döyür - Şok açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İşlədiyim şirkətdə əmək müqaviləsi bağlanmasını tələb etdiyim üçün məni işdən çıxarıblar. Şirkətdə 200 nəfərdən artıq işçi var. Amma heç birinin əmək müqaviləsi yoxdur. Əmək müqaviləsi tələb edənləri isə işdən çıxarırlar". Bunu aznews.az-a "ELITE MARINE PTE.LTD" şirkətindən işdən azad edilən Aydın Ömərov bildirib. 
Onun sözlərinə görə, şirkətin Banqladeşdən olan rəhbəri işçilərlə kobud rəftar edir: "Şirkətin Banqladeşdən olan Lim adlı rəhbəri işçiləri mütəmadi olaraq təhqir edir. Şirkətin rəhbəri istənilən şəxsi günahı olub-olmadı söyüb təhqir edir. Hətta dəfələrlə olub ki, işçiləri hər kəsin gözü qarşısında döyüb. Daha çox döyülən xarici vətəndaşlardır. Şirkətdə işləyənlərin çoxu Hindistan və Banqladeş vətəndaşlarıdır. Onların döyülüb-söyülməsi isə adi hal alıb. Etiraz edən isə dərhal işdən azad olunur. Mən burada qaynaqçı kimi çalışırdım. Amma əmək müqaviləsi tələb etməyim mənim də işdən azad olunmağıma səbəb oldu. Yaxın vaxtlarda bütün işçilər kütləvi şəkildə şikayət edəcəkdilər. Amma elə oldu ki, bu gün məni işdən azad etdilər. Yəqin ki, digər işçilərin də etiraz səsləri bu günlərdə eşidiləcək".
A.Ömərov deyir ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olub. Burada məni qəbul edib şikayətimi dinlədilər və məsələ ilə bağlı araşdırma aparılacağını bildirdilər. 
Məsələ isə bağlı "ELITE MARINE PTE.LTD" şirkəti ilə əlaqə saxladıq. Şirkətin adının çəkilməsini istəməyən rəsmisi faktı təsdiqlədi. Onun sözlərinə görə, şirkətdə bütün işçilər xidməti müqavilə ilə işləyir: "Burada heç bir əməkdaşla əmək müqaviləsi bağlanmayıb. İşçilərin hamısı üç aylıq xidməti müqavilə ilə cəlb edilir. Şirkətin rəhbəri ilə işçilər arasında anlaşılmazlıq olur. İşində nöqsana yol verənlər dərhal işdən azad edilir. Amma bu daha çox xarici vətəndaşlarla bağlı olur. Azərbaycanlılara qarşı münasibət o qədər də kobud deyil".
Məsələyə münasibət bildirən Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı məsələ ilə bağlı təşkilata da şikayət olunduğunu bildirdi. Onun sözlərinə görə, məsələ ilə bağlı araşdırma aparacaqlar. 
Aznews.az-ın apardığı araşdırma nəticəsində məlum oldu ki, “ELITE MARINE PTE.LTD” Sinqapurda qeydiyyata alınan ofşor şirkətdir. "ELITE MARINE PTE.LTD" şirkətinin Azərbaycandakı filiali 2008-ci ilin dekabrında qeydiyyatdan keçib. Şirkətə Hock Choon Lim rəhbərlik edir. Şirkət neft platformalarının təmiri ilə məşğul olur.
Qaynar.info