Xəbər lenti

Bakıda taksi platformaları müqayisə edilib: hansı şirkət daha yaxşı nəticə göstərib?
Ekonomiks 12:00 08.05.2026

Bakıda taksi platformaları müqayisə edilib: hansı şirkət daha yaxşı nəticə göstərib?

Son dövrlərdə Bakıda taksi xidmətləri ilə bağlı narazılıqlar daha çox səslənir. Sosial şəbəkələrdə, mediada və gündəlik söhbətlərdə insanlar ən çox sürücülərin sifarişi ləğv etməsindən, tətbiqlərin düzgün işləməməsindən, təhlükəsizlik və xidmət keyfiyyəti ilə bağlı problemlərdən şikayət edirlər. Bunun fonunda "Capitalist” müstəqil araşdırma şirkəti Bakıda fəaliyyət göstərən əsas taksi platformalarını müqayisə edən gizli sərnişin araşdırması aparıb.

Araşdırma 2026-cı il 1–11 aprel tarixlərində keçirilib. Məqsəd ayrı-ayrı şikayətlərə deyil, ümumi mənzərəyə baxmaq və sərnişinin real həyatda nə ilə qarşılaşdığını müqayisəli şəkildə görmək olub. Tədqiqat zamanı tətbiqdən istifadə, avtomobil sifarişi, sürücünün gəlişi, səfər zamanı təhlükəsizlik, rahatlıq, ünvana düzgün çatdırılma və ödəniş kimi mərhələlər izlənib.

Təhlilə ümumilikdə 284 sifariş daxil edilib. Bunların 255-i baş tutub, 29-u isə sürücü tərəfindən sərnişini götürməzdən əvvəl ləğv olunub. Nümunədə Yango üzrə 92, Bolt üzrə 104, Uber üzrə 54, 189 üzrə isə 34 sifariş yer alıb. Səfərlər qısa (təxminən 3km), orta (təxminən 6 km) və uzun (10 km və ya daha uzun) məsafələr, eləcə də səhər pik saatları, günorta saatları, axşam pik saatları və gec saatlar üzrə paylanıb.

Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri sürücülərin sifarişi sərnişini götürməzdən əvvəl ləğv etməsi ilə bağlıdır. Yango-da bu göstərici 5,4 faiz, Uber-də 5,5 faiz, 189-da 5,9 faiz olub. Bolt-da isə bu rəqəm xeyli yüksək — 18,3 faiz təşkil edib. Yəni Bolt üzrə hər beş-altı sifarişdən təxminən biri sürücü tərəfindən ləğv olunub.

Tətbiqin işləməsi baxımından da fərqlər görünür. Ən stabil nəticə Yango-da qeydə alınıb. Burada tətbiqin donması və ya gec işləməsi halları cəmi 2,3 faiz olub. Uber-də bu göstərici 5,5 faiz, Bolt-da 6,8 faiz, 189-da isə 21,2 faiz təşkil edib. 

Sifariş verildikdə GPS pinin sərnişinin olduğu yeri dəqiq göstərməsi baxımdan isə Bolt ən yaxşı nəticəni göstərib. Bu göstərici üzrə Yango və Uber 2-ci və üçüncü yerləri bölüşüb. Ünvanın düzgün tapılması baxımından Yango və Uber daha yaxşı nəticə göstərib — hər iki platformada bu göstərici 96 faizdən yuxarı olub, Bolt isə 93 faizlik nəticə ilə onları izləyib.

Sürücü və avtomobilə dair məlumatların tətbiqdə tam göstərilməsi baxımından da Bolt və Yango öndə və hər iki platformada bu güstərici 97,6 faiz təşkil edib. Uber də 93,5 faizlə yüksək nəticə göstərib. Maşının və sürücünün tətbiqdə göstərilən məlumatlarla uyğunluğu üzrə isə bütün platformalarda ümumilikdə yaxşı nəticə müşahidə olunub.

Təhlükəsizlik məsələlərində Yango və Uber daha güclü görünür. Sürücünün kəmər taxması Yango-da 96,5 faiz, Uber-də isə 96,1 faiz olub. Bolt-da bu göstərici 92,8%, 189-da isə 90,6% təşkil edib. Yol hərəkəti qaydalarının pozulması halları ən az Uber-də qeydə alınıb — 2 faiz. Yango burada da 2,6 faizlə ona yaxın nəticə göstərib.

Rahatlıq və xidmət keyfiyyəti sahəsində isə 189 bəzi göstəricilər üzrə digərlərini qabaqlayıb. Bu platformada təmizlik üzrə orta bal 5 üzərindən 4,66 olub və bu, ən yüksək nəticə sayılıb. Səfər rahatlığı baxımından da 189 birinci olub — 81,2 faiz. Peşəkar davranış üzrə isə Uber öndədir: müsbət davranış halları səfərlərin 90,3 faizində qeyd olunub və bu göstərici üzrə Bolt 86%-lə ikinci olub.   Yango isə sərnişini düzgün ünvana çatdırmaq baxımından ən güclü nəticəni göstərib — 94,1 faiz.

Yekun nəticələrə görə, ən yüksək göstərici Yango-da qeydə alınıb. Platforma 100 mümkün baldan 92,3 bal toplayaraq birinci olub. Uber çox kiçik fərqlə ikinci yerdə qərarlaşıb — 91,9 bal. Bolt 87,9 bal ilə üçüncü, 189 isə 85,1 bal ilə dördüncü olub.
 


Araşdırmanın nəticələri göstərir ki, Bakıda sərnişin təcrübəsi platformadan platformaya ciddi şəkildə dəyişir. Ümumi nəticələrə görə Yango, Uber və Bolt daha balanslı xidmət təqdim edib. 189 isə ümumi reytinqdə sonuncu olsa da, rahatlıq və təmizlik kimi sahələrdə ən yüksək nəticələr göstərib.

--> -->