
Rusiya Krımda istəyinə nail olsa da, regionda gərgin anlar hələ də qalmaqdadır.
Rəsmi Moskvanın davranışlarından narahat olan Qərb və Amerika Birləşmiş Ştatları məsələnin həllinə çalışır, rusiyalı rəsmilərə qarşı sanksiyalar tətbiq edir və bu ölkənin iqtisadi böhrana sürüklənməsi üçün müxtəlif tədbirlərə əl atırlar. Hadisələrin gələcək inkişafına “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Aktual.az-a müsahibəsində aydınlıq gətirir.
- Rusiya Amerika münasibətləri barədə nə deyə bilərsiniz? Rusiya Cənubi Osetiiya və Abxaziyadan sonra Krımın da taleyini həll etdi. Bu, dünyaya meydan oxumaq deyilmi?
- Krımın işğalından sonra Rusiya-ABŞ münasibətləri əvvəlki kimi olmayacaq. Sivil dünya, o cümlədən ABŞ və Avropa Birliyi aqressiv davranışı səbəbindən Rusiyadan hürkdü. Rusiyanın 2008-ci ildə Gürcüstanı parçalayaraq, Abxaziya və Cənubi Osetiyanı işğal etməsindən sonra Qərbin etirazları səsləndi. Ancaq bir müddət keçdikdən sonra münasibətlər, əvvəlki kimi, normal axarına qayıtdı. Krımın işğalı isə sübut etdi ki, hazırki Rusiyanın keçmiş SSRİ və çar Rusiyasından elə də bir fərqi yoxdur. İştah diş altdadır. Rusiyanın qarşısı alınmasa, müəyyən ölçülər götürülməsə, bu dövlət Krımla kifayətlənən deyil. Ancaq Rusiyanın dünyaya meydan oxuması onun özünə baha başa gələ bilər. Çünki Qərbin beyin mərkəzləri bundan sonra Rusiyanın zəfiləməsi üçün bütün mexanizmləri hərəkətə gətirəcək.
- ABŞ prezidenti Barak Obama və Avropa dövlətlərinin rəsmiləri Putini hədələyən açıqlamalar verir. Bunun hər hansı təsiri ola blərmi? Rusiyada vəziyyət necə olacaq?
- ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı hazırda tətbiq etdiyi sanksiyalar Rusiyanı qəti çəkindirmir. Çünki hazırki sanksiyalar Rusiyanı çökdürəcək qədər təsirli deyil. Görünür, Qərb siyasi və iqtisadi sanksiyalarını tədricən həyata keçirəcək. Digər tərəfdən isə Rusiyanın təcridi, habelə Gürcüstanın NATO-ya qəbulu ilə bağlı müzakirələrin başlamasının özü belə rəsmi Moskvaya zərbədir.
- Sizcə, Obama və digər liderlər Rusiyaya qarşı hansı qəti addım ata bilər?
- Barak Obama nisbətən yumşaq prezident olsa da, Ukraynanın ərazi bütövlüyü məsələsində sərt mövqe ortaya qoydu. Rusiyaya qarşı addımlara gəlincə, Avropa Birliyi və ABŞ bir ittifaq şəkilində hərəkət edirlər, bu, faktdır. Hər iki tərəf başa düşür ki, Avropanın Rusiya enerjisindən asılılığına baxmayaraq, Kremlin qarşısından qaçsalar, daha böyük təhlükələrə yol açılar.
- Rusiyanın davranışları nədən ibarət olmalıdı?
- Aydındır ki, hadisələrin bu məqamında Rusiya Krımdan imtina etməyəcək. Bunu Ukrayna və beynəlxalq birlik də anlayır. Ancaq Rusiyanın özünün düşdüyü ağır durumdan çıxış yolu da var. Kreml Ukraynanın daxili işlərinə qarışmaqdan, Ukraynanın şərqindəlki separatçılığı dəstəkləməkdən, əvvəlki illərdə olduğu kimi, qonşusuna qarşı qaz şantajından əl çəkərsə və Kiyevlə dialoqa başlayarsa, həmçinin bundan sonra heç bir dövləti işğalla təhdid etməyəcəyinə dair hansısa formada üzərinə öhdəlik götürərsə, tərəflərlə vəziyyəti normal hala gətirə bilər. Yox, Kreml hazırki təhdid dolu siyasətini davam etdirərsə, onda bu ölkə nəinki təcrid olunacaq, öz daxilində baş alacaq təlatümlərə hazır olmalıdır.
- Azərbaycan Qərblə Rusiya arasında münasibətlərdə necə davranmalıdır?
- Rusiyanın Abxaziya və Cənubi Osetiyadan sonra Krımı da işğal etməsi, bizə orientirlərimizi və prioritetlərimizi dəqiqləşdirməyi diqtə edir. Bu hadisələr fonunda ölkəmizin Avropanın siyasi, iqtisadi və hərbi strukturları ilə inteqrasiyasını dərinləşdirməsi vacib amillərdəndi. Balanslaşdırılmış xarici siyasət Azərbaycan üçün uğurlu deyil, bizi mümkün təhlükələrdən sığortalamır. Bununla belə, Rusiya ilə mehriban qonşuluq münasibətlərini də davam etdirməliyik. Biz xarici siyasətimizi “Kreml buna nə deyər?” sualına cavab axtarışı üzərində qurmamalıyıq.