"Barselona”nın sabiq yarımmüdafiəçisi Xavi komandanın baş məşqçisi olub.
Qaynarinfo xəbər verir ki, kataloniyalıların mətbuat xidmətindən verilən məlumata görə, 41 yaşlı mütəxəssisin müqaviləsi 2024-cü ilə qədər qüvvədə olacaq.
Xavinin bu həftəsonu "Barselona”ya uçacağı gözlənilir və bazar ertəsi, noyabrın 8-də o, komandanın baş məşqçisi kimi təqdim olunacaq.
İspan məşqçi 2019-cu ildən məşq etdirdiyi Qətərin "Əl-Sədd” klubundan ayrılıb.
Xavi peşəkar karyerasının böyük hissəsini "Barsa”da keçirib. O, komandanın heyətində 767 oyun keçirib və uzun müddət bu göstərici üzrə rekorda sahib olub (sonra onu 778 oyun keçirən Lionel Messi üstələyib. Bu müddət ərzində Xavi "Barsa” ilə 25 kubok qazanıb.
Oktyabrın 28-də "Barselona” "Rayo Valyekano”ya 0:1 hesablı məğlubiyyətdən sonra Ronald Kumanı vəzifəsindən azad edib. "Barselona B"-dən Sergi Barhuan baş məşqçi vəzifəsində onu əvəz edib.
11 oyunda 16 xal toplayan komanda La Liqanın turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Çempionlar Liqasında 4 turdan sonra 6 xalla "Blauqrana" qrupda 2-ci yeri tutur.
Alpər