La Liqa nəhəngi "Barselona"nın borcu açıqlanıb.
Qaynarinfo "Milliyete" istinadən xəbər verir ki, klubun ümumilikdə 1,5 milyard borcu var. Bu borcun böyük hissəsini futbolçuların maaşları əhatə edir. Transferlər isə gəlirin 74 faizini təşkil edir. "Goal"ın məlumatına görə "Barselona" koronavirusun mənfi təsirləri ilə əlaqədar futbolçuların maaşlarını gecikdirib.
Klubun borclarının 153 milyon dollarlıq qismini transferlərə ödənilən bonuslar təşkil edir. 2017-ci ilin yayında "Liverpul"dan "Barselona"ya 176 milyon dollar qarşılığında transfer olunan Koutinyo üçün katalon klubu ingilislərə 35, Franki De Yonq üçün isə "Ayaks"a 19 milyon dollar ödəməlidir. Bundan əlavə "Bordo"dan transfer edilən Malkom üçün 12 milyon dollar da büdcədən çıxmalıdır.
Klubdan ayrılan futbolçulara isə hələ də təzminat ödənilməkdədir. "Barselona"nın "Qremio"dan transfer edilən, amma mövsümün əvvəlində Miralem Pyaniçlə dəyişdirilən Artur üçün Braziliya klubuna 25 milyon avro təzminat ödənilməlidir. "Bavariya"dan "Barselona"ya keçən, hazırda isə "İnter" forması geyinən Arturo Vidala görə isə Münhen təmsilçisinə 13 milyon dollar ödənilməlidir.
"Barselona" 2019/2020 mövsümündə borcunun 593 milyon dollar olduğunu açıqlamışdı. Pandemiyaya görə gəlirləri azalan klub borcların çox hissəsinin ödənişini təxirə salmaq qərarına gəlib.
Səbuhi Həsənov