
ABŞ Dövlət Departamentini hərəkətə keçirən DHKP-C barədə bilmədiklərimiz...
Məlum olduğu kimi, ABŞ Dövlət Departamenti 2013-cü ildə Amerikanın Ankaradakı səfirliyində partlayış törədən İnqlabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsinin (DHKP-C) üç rəhbər üzvünün başı üçün mükafat vəd edib.
Departamentin yayığı yazılı bəyanatda bildirilib ki, təşkilat üzvləri Musa Aşoğlu, Zerrin Sarı və Səhər Şənin yaxalanmasına yardım edənə bu şəxslərin hər biri üçün 3 milyon dollar veriləcək. Qeyd edək ki, 2013-cü ilin fevral ayında DHKP-C ABŞ-ın Türkiyənin paytaxtı Ankaradakı səfirliyinə kamikadze hücumu təşkil etmiş, baş vermiş partlayışda 2 nəfər ölmüş, 2 nəfər ağır yaralanmışdı.
Maraqlıdır, ABŞ Dövlət Departamentini belə hərəkətə keçirən bu təşkilat nəyə xidmət edir, məqsədi, gizliliyinin səbəbləri nələrdir?
Öncə təşkilatın tarixi barədə. DHKP-C 30 mart 1994-cü ildə qurulub, lideri Dursun Karataşdır. Təşkilat ideoloji olaraq marksizm və leninizm fəlsəfələrini mənimsəyib. DHKP-C Türkiyə, ABŞ, İngiltərə və Avropa Birliyinin terror təşkilatları siyahısına daxil edilib. DHKP-C öz məqsədini belə açıqlayır: “Məqsədimiz mövcud sistemləri silah gücünə məhv edərək, yerinə marksist-leninist ideyalara söykənən bir sistem gətirməkdir”. Bu açıqlamadan da anlaya bildiyimiz kimi, DHKP-C demokratik siyasi bir təşkilat yox, terror təşkilatıdır.
Partiya-Cəbhəsi ifadəsinə keçək. Bunun mənası nədir? “Partiya” təşkilatın sivil qolunu təşkil etdiyi halda, “Cəbhə” silahlı aksiyalara məsuldur. Terror təşkilatı tərəfindən bu günə qədər həyata keçirilən aksiyalar hansılardır?
1. I Körfəz müharibəsi zamanı 2 amerikalı əsgərin öldürülməsi, ABŞ və NATO əsgəri və lojistik təsislərin bombalanması.
2. İstanbul Kasımpaşadakı Koç Holdinqin anbarına hücum.
3. DYP Şişli binası qarşısında növbədə olan polis məmurunun şəhid edilməsi.
4. İstanbulun Maslak bölgəsində Jandarma Alay Komutanlığının 2 əsgərinin giriş qapısı ağzında növbədə olarkən şəhid edilməsi.
5. “Sabancı Holdinq” in Yönetim Kurulu üzvü olan Özdemir Sabancı, “Toyota” SA-nın müdiri Haluk Gürgön və başqan katibəsi Nilgün Hasefenin öldürülməsi.
6. İstanbulun Taksim Gümüşsuyu küçəsindəki polis bölməsini bombalama nəticəsində 2 polis məmurunun şəhid olması.
Təşkilat daha çox universitet tələbələrini öz tələsinə salmağa meyl edir. Bu zaman da pulla şirnikləndirmə özünü daha çox göstərir. Marksist-leninist bir təşkilat olan DHKP-C-ni əslində ateist qurum adlandırmaq olar. Buna baxmayaraq, ən çox istifadə etdikləri arqument də həlak olan üzvlərinə şəhid demələridir.
DHKP-C-nin əsas maliyyə qaynaqlarından biri də narkotik maddələrdir. Üzvləri narkotik vasitələrin alverini edir və bununla təşkilata güclü maliyyə axını baş verir. Üstəlik, bu iddia deyil, təşkilatın keçmiş üzvlərinin verdikləri açıqlamalarda yer alır.
Bu günə qədər təşkilatla bağlı qaranlıq məqamlardan biri də təşkilatın rəhbəri Dursun Karataş və onunla bərabər təşkilat üzvlərinin 1989-cu ildə həbsxanadan qaçışı idi. Araşdırma nəticəsində məlum oldu ki, Karataş qaçış öncəsində türmənin yeməkxanasında bir yüksək rütbəli əsgərlə görüşüb və bu görüşdən sonra qaçış baş tutub.
Təşkilatın generallara yönəlik sui-qəsdləri isə onun PKK ilə münasibətlərinin başlanğıcına çevrildi. 1991-ci ildə OHAL komandiri Hulusi Sayını öldürən təşkilat bunun qarşılığında PKK-dan bir kamp yeri alıb. Təşkilatın üzvləri silahlı təlimlərini Bekada PKK ilə eyni vaxt və eyni yerdə keçiblər.
Türkiyədə məşhur olan “Grup Yorum”un da bu təşkilatla bağlarını yaddan çıxarmaq olmaz. Minlərlə insanın dinlədiyi bu qrupun DHKP-C təşkilatı ilə əlaqələri ortaya çıxıb. Belə ki, qrup təşkilatın mərkəzi icazə vermədən heç nə etmir, daha doğrusu, edə bilmir. Hətta və hətta qrupun konsert və albom layihələrini də DHKP-C müəyyənləşdirir.
Son zamanlar həyata keçirilən əməliyyatlarda həbs olunan və nəzarətdə saxlanan bəzi vəkillərin də bu təşkilatla əlaqələri üzə çıxıb. Məlum olub ki, onlardan bəziləri təşkilatın üzvləridir və həbsdəki könüllü DHKP-C üzvləridir və onlar həbsdəki təşkilat üzvləri ilə təşkilat arasındakı xəbərləşməni təmin edir.
Dursun Kartaşın ölümündən sonra təşkilat “Ergenekon” kimi işlərə zərbə vuran polisləri hədəf seçdi. Karataşdan sonra təşkilatın başına onun sevgilisi, vəkil Zerin Sarı gətirildi. Əyləncə həyatını sevən, Taksimdəki barlardan çıxmayan bu qadın tezliklə təşkilat daxilində mühüm status qazandı və hazırda DHKP-C-nin rəhbəri kimi tanınır.
Ekspertlər bildirir ki, DHKP-C-nin silahlı inqilab etmək kimi qüdrəti yoxdur. //musavat.com