Xəbər lenti

Bazarda qiymətlər niyə düşmür? - Araşdırma
Ekonomiks09:52 18.06.2022

Bazarda qiymətlər niyə düşmür? - Araşdırma

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı bazarlarında, iri marketlər şəbəkələrində kənd təsərrüfat məhsullarının, meyvə və tərəvəzlərin qiymətində enmə müşahidə olunmur. İstilər düşdükçə məhsulların qiymətlərində enmə müşahidə edəcəyimizi gözlədiyimiz halda əksinə, qiymətlərin artmalarının şahidi oluruq. Nə baş verir? Məhsulların qiymətlərinin aşağı düşməməsinə səbəb nədir? 
Qaynarinfo məsələni araşdırmaq üçün yolunu bir neçə bazardan salıb. "Biləcəri” adlanan bazarda pmidor-1, 50-2 manat, xiyar 70- 90 qəpik, bibər 2 manat, badımcan 1,50-2 manat, kələm 90 qəpik, kartof 70 qəpik- 1,20 manat, soğan 60 qəpik- 1 manat, göyərtilər 5 dəstəsi bir manat, limon 3 dənəsi 1manat, gilas – 2, 50- 5 manat, alca 1,50, ərik-3-8 manat, şaftalı 3-6 manat arasında qiymətlərə satılır.
İlk baxışdan alıcıdan çox satıcı olduğu aydın görünür. Bazarın daimi sakinləri bunun bir neçə səbəblərinin olması ilə izah ediblər:"Məhsulların qiyməti marketlərdə, kiçik dükanlarda da eyni olduğundan alıcıların əksəriyyəti onlardam alver edir. Çünki bazara gələndə istər-istəməz taksi xidmətinə də pul ödəyəcəklərini bilirlər, odur ki, yaxınlarında mağazalardan alver etməyi üstün tuturlar. Amma bir fərq var, bazarlarda məhsul təzədir, bir neçə gün saxlaya bilirsən, amma marketlərdə günlərlə qalan meyvə evdə həmin günü xarab olur. Digər səbəb meyvə yoxdur, hava şəraiti meyvələrin çiçəyini məhv edib. Bu üzdən "bolluq olacaq, qiymətlər enəcək” deyə ünid etməyin. Elə beləcə də davam edəcək, hətta bəzən qiymətlər qalxa da bilər”. 
Satıcılar digər səbəb olaraq "Meyvəli” deyilən bazarda məhsulların topdansatış qiymətinin həddən artıq baha olmasını deyir: "Yerin baha olması da qiymətə təsir edir. Odur ki, onlar yer pullarını çıxartmaq üçün məhsulun qiymətini artırır. Biz özümüz də bazarda yer pulu veririk. Axşama kimi satacağımız məhsuldan həmin yer pulunu çıxartmaq məcburiyyətindəyik. Beləcə əldən-ələ keçdiyinə görə qiymətlər bahadır. Bir də yay vaxtıdır, elə meyvə var ki, ömrü azdır. Gün ərzində satılıb qurtarmalıdır. Yer pulunun ucbatından belə axşama kimi onun qiymətini salmırıq. "Axşam” bazarı deyilən bir anlayış var. Camaatın çoxu bazara axşam gəlir, biz də məcbur olub dəyər-dəyməzə veririk”. 
Satıcılar deyir ki, kənd təsərrüfat məhsullarının qiyməti ancaq "küçə ticarəti” ilə məşğul olanlar tərəfindən enir. Odur ki, yolumuzu "20 yanvar” metrosu ətrafından saldıq. Burada da iynə atsan yerə düşməz, adam əlindən tərpənmək olmur, xüsusi ilə də axşam saatlarında. Amma bununla belə kənd təsərrüfatı məhsulları və meyvələrin qiyməti bazarlardan fərqlənmir. Bəzi məhsulların qiymətində 10-20 qəpik enmə müşahidə olunur. 
"Satıcılar bunun fərqini məhsulun özünə aid olması ilə izah edirlər. Amma di gəl ki, sata bilmirik, bizi ordan-bura-burdan da ora qovurlar. Meyvə də yeşiklərdə, onu qucağımıza alıb gəzdirə də bilmirik. Odur ki, məcbur olub axşamlar əlimizdəki məhsulu daha ucuz qiymətə satırıq ki, sabaha xarab olacaq”. 
Sabiq millət vəkili, iqtisadçı-alim Nazim Bəydəmirlinin fikirincə, bu il meyvə və tərəvəz məhsullarının qiymətinin enməməsinin iki səbəb var: "Biri obyektiv səbəbdir. Bu il mövsüm meyvələrin yetişməsi təqribən 20 gün gec oldu. Gözləniləndən fərqli olaraq may ayında hava şəraiti daha soyuq oldu. Eyni zamanda bilirsiniz ki, ən əsas qiymətlərə təsir edən səbəb rəqabət mühitinin olmaması, inhisarçılığın və məmur sahibkarları, bazarlara çıxışın zəif olmasıdır. Bu baxımdan istehsal yerlərində, kəndlərdə və rayonlarda məhsulları bazara çıxartmaq imkanları məhduddur. Nəqliyyat və digər lagistik problemlər var. Bunları fermerlər və kənd təsərrüfatı ilə fərdi şəkildə məşğul olan şəxslər həll edə bilmir. Bazarlar inhisarlaşıb, lagistika və digər məsələləri çətinləşib. Bu süni yaradılan səbəblərdir. Məmur sahibkarları və ümumiyyətlə, bazarlarda bazar iqtisadiyatının oturuşmamasından olan problemlərdir ki, bu ənənəvi olaraq qiyməti stabilləşdirmir. Yəni, ənənəvi olaraq qiyməti diqtə edən daha çox bazarların sahibləri və bazarlara çıxışları məhdudlaşdıranlardır”. 
Nazim Bəydəmirli digər ölkələrdə pulsuz yarmakaların təşkil edildiyini qeyd edib: "Eyni zamanda siz bilisriniz ki, Bakı şəhərində təəssüf edirəm ki, digər ölkələrdə müşahidə etdiyimiz rəsmi pulsuz təşkil olunan yerlərdə bələdiyyələrin, yerli icra orqanlarının vasitəsi ilə təşkil olunan yerlərdə kəndlilərin, fermerlərin bir başa öz məhsullarını satması şəraitinin olmaması da təsir edir”. 
Apardığımız müşahidələr və ekspert rəyi onu deməyə əsas verir ki, bu il xalqımızın əksər ailələri yay vaxtı yetişən meyvələrinin əksəriyyətinə yalnız uzaqdan baxa biləcəklər. Çünki onların aldıqları aylıq məvacib həmin meyvələri yeməyə kifayət etmir.
Bahar Rüstəmli