
Ağcabədi rayon Aşağı Qiyamadınlı kənd bələdiyyəsindən şikayət var
Ağcabədi rayon Aşağı Qiyamadınlı kəndində məskunlaşan Laçın rayonundan məcburi köçkünlər Mayıl İsayev və qardaşı Qardaş İsayev Qaynar.info-ya müraciət edərək onların istifadəsində olan 2 ha torpaq sahəsinin kənd bələdiyyəsi tərəfindən qanunsuz olaraq əllərindən alındığını bildiriblər.
M.İsayevin sözlərinə görə heç bir üzvü işləməyən 10 nəfərlik iki ailə yalnız bu torpaqlar hesabına yaşayırdı. İndi isə kənd bələdiyyəsinin sədri Elxan Zeynalov onları bu imkandan tamamilə məhrum edib. Halbuki bu torpaqlar 1992-ci ildən qardaşların istifadəsindədir və 2011-ci ildə kənd bələdiyyəsi ilə müvəqqəti istifadə üçün 10 illik, yəni 2021-ci ilədək müqavilə bağlanıb.
M.İsayevin sözlərinə görə Aşağı Qiyamadınlı kənd bələdiyyəsinin sədri E.Zeynalov bu hərəkəti ilə təkcə müqavilələri deyil, ölkə başçısının göstərişini də pozmuş olur.
M.İsayev ölkə prezidentinin müvafiq sərəncamını xatırlayaraq bildirdi ki, onlara qarşı tamamilə qanunsuz bir addım atılıb.
Xatırladaq ki, 1 iyul 2004-cü ildə imzalanmış həmin sərəncamla “Qaçqınların və Məcburi Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət proqramı” təsdiq edilib. Sərəncamın 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarına tapşırılsın ki, məcburi köşkünlər öz doğma yerlərinə qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədi ilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətdən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilməsin.
Bələdiyyə sədri Elxan Zeynalov isə Qaynar.info-ya açıqlamasında şikayətçilərin iddialarını qəbul etmədi: "Onlara müqavilə ilə verdiyimiz torpaq özlərindədir, heç kim torpağı almayıb".
Qaynar.info