Hüseynbala Səlimov
Yubileylər və bir də anti-yubileylər olur. Birincisini bayram edir, ikincisini isə "Necə etməli ki, bir də belə olmasın?” kimi düşüncələrə həsr edirlər. Berlin divarı məhz sonunculara aiddir – bəli, 13 avqust 1961-ci ilə SSRİ bu divarı ucaltmışdı ki, ikiyə bölünmüş almanları birdəfəlik biri-birindən ayırsın. Amma belə olmadı, 1989-cu ildə divar söküldü və almanlar birləşdilər. Fəqət, o vaxtdan hər il bu divar anılır və ötən həftə avqurstun 13-də də belə oldu...
Etiraf edim ki, hər il bu hadisə anılanda mənim başqa bir olay yadıma düşür. Təxminən eyni vaxtda biz azərbaycanlılar da birləşəməyə, İran və Azərbaycan arasında sərhəd dirəklərini sökməyə cəhd etdik. Deyim ki, sökdük də! Amma birləşə bilmədik.
Əslində o vaxt hər iki dövlət - SSRİ və İran bu cür düşünülməmiş addımlara rəvac verirdilər ki, sonradan ondan azərbaycanlılara qarşı istifadə etsinlər. "İslam fundamentalistləri” – SSRİ-nin azərbaycanlılara yapışdırmaq istədiyi yarlıq bu idi. Məhz bu adla da sovet qoşunları 1990– cı ildə Azərbaycana təcavüz etdilər...
İndi biz azadıq və azadlığımızın 30-cu ilini bu yaxınlarda qeyd edəcəyik.
Amma biz həm də bölünmüş xalqıq. Təxminən üç on illik bundan əvvəl İranla sərhəddəki məftilləri kəsib biri-birimizə suvenir kimi paylasaq da cənublu qardaşlarımızla birləşə bilmədik, bu azmış kimi, indi "Cənubi Azərbaycan” deyəndə insanlarımız Təbrizi, Ərdəbili deyil, Lənkəranı və
ya Masallını başa düşürlər...
Amma heç olmasa, kiçicik qyzey Azərbaycanında azadıqmı? Azadıq, gəl, Rusiya ilə sərhəddə məskunlaşan bir xalq nə qədər azad ola bilirsə,
o qədər!
Rusiya və İran indi də bizim ətrafımızda divarlar hörmək istərdilər. İran bir tərəfdən özünün siyasi modelini Azərbaycana proyeksiya etmək
istəyir, digər tərəfdən də bizim xarici siyasətimizi öz maraqlarına tabe etməyə və Azərbaycanı öz çərçivəsində saxlamağa çalışır. Otuz illik
müstəqilliyə rəğmən, məsələn, biz hələ də İsraillə simmetrik diplomatik əlaqələr qura bilmirik...
Rusiya haqqında isə danışmağa dəyməz. Bu ölkə özünün ikinci sərhədlərini çoxdan cızıb – guya bütün keçmiş sovet məkanı bunların nüfuz sferasıdır. Moskvaya görə biz hələ də Avropa İttifaqı ilə əlaqələr qura bilmir, onunla məşhur saizişi imzalya bilmirik, bircə düzəlişlə ki, burada Rusiyadan savayı digər məqamlar da var, çünki Ermənistan İranın və Rusiyanın tələblərinə rəğmən həm İsraildə səfirliyini açdı, həm də Avropa İttifaqı ilə saziş imzaladı və bu yaxınlarda 2 milyard dollar həcmində yardım da alacaq. Biz isə yerimizdə sayırıq, dünyanın üç ölkəsindən biriyik ki, hələ də Dünya Ticarət Təşkilatına üzv olmamışıq!
Ötən il Rusiya guya ki, imicini dəyişmək istədi, Qarabağ məsələsində neytrallıq nümaşyiş etdirdi və biz işğalda olan rayonlarımızı qaytara bildik. Amma bu neytrallıq elə belə deyildi və nəyinsə müqabilində oldu – ilk olaraq bura sülhməramlılar gətirildi.
Fəqət, hiss olunur ki, bunlar rusların son və yeganə tələbi deyil, ermənilər bir müddətdir ki, mütəmadi olaraq sərhədlərimizi atəşə tuturlar. Bəs rusiyalı "sülhməramlı”lar hara baxır? Kreml onlara hara baxmağı tapşırıbsa, onlar ora da baxırlar...
Güman ki, Moskva Bakını ən azı Avrasiya Birliyində gözləyir. Elə bu səbəbdən Dağlıq Qarabağın ermənilər məskunlaşan hissəsindən hələ də
atəşə tutuluruq.
Bəli, Berlin divarı çökdü, neçə-neçə dövlət azad oldu. Bu tarixi ruslar da qeyd edirlər, amma özünəməxsus şəkildə - düşünürlər ki, harada və necə yeni divarlar ucaltsınlar ki, Rusiya bir daha kiçilməsin. Amma əbəsdir, o səbəbdən ki, tarixi ikicə dəfə təkrarlana bilir–bir dəfə faciə və bir dəfə də komediya kimi...