
Xalid Kazımlı
Onun gözlərindəki kədəri Kiyevdəki “Prezident” otelinin qarşısından bizi götürüb aeroporta aparası avtobusun pəncərəsindən gördüm. Biz - dörd azərbaycanlı jurnalist artıq avtobusdaydıq, Nicat isə yerdə qalmışdı və bizi yola salırdı. Əllərini qoynuna qoymuşdu və kədərli-kədərli bizə baxırdı – sanki ya bizi uzaq bir yerə yola salırdı, ya özü ömrü boyu buralarda qalacaqdı.
Onu heç vaxt belə görməmişdim. 4 günlük səfər yoldaşlığımız zamanı çox gəzmişdik, seminarlarda, yeməkxanada yanaşı oturmuşduq, çox söhbət etmişdik, həmişə deyib-gülmüş, lətifələr, məzəli söhbətlər danışmışdıq. Yalnız bir dəfə, gecə saat 1 radələrində otelin hollunda üzbəüz divanlarda oturub söhbət edərkən onda epizodik kədərlənmə olmuşdu. Bir az aralıdakı barda dünyanın dörd bir tərəfindən (Monqolustan, Kanada, Kosta-Rika, Yaponiya və s.) gələn jurnalistlər yeyib-içir, deyib-gülürdülər. Birdən-birə, necə oldusa, jurnalist dostumuz Anar Orucov Ramiz Rövşəndən bir şeir dedi, birini də Nüsrət Kəsəmənlidən mən dedim, Nicat Dağlar da ayrılıqdan, nisgildən bəhs edən bir şeir söylədi. Lap axırda məlum oldu ki, bu şeirin müəllifi özüdür.
Ona qədər mən onu jurnalist kimi tanıyırdım, şeir, həm də olduqca gözəl şeir yazdığını bilmirdim. Jurnalistikanın bir çox yazıçı və şairləri püxtələşib ortaya çıxmağa qoymadığını da bilirdim, ancaq onlardan birinin də Nicat Dağlar olduğunu bilmirdim. Həmkarımın dilindən o şeiri eşidəndən sonra anladım ki, “Dağlar” təxəllüsü təsadüfi deyilmiş.
Ölkəyə qayıdandan sonra biz vaxtaşırı zəngləşir, arada görüşürdük. Zəngi “salam, qardaş”la başlayar, “sağ ol, qardaş”la qurtarardı. Neçə vaxt idi, zəng etmirdi, deyirdim, yəqin yenə xarici səfərdədir. Adətən, səfərdən qayıdandan sonra üzvü olduğu QHT koalisiyasının fəaliyyəti ilə bağlı xəbər göndərir, dərc olunmasını xahiş edirdi.
Ancaq işə baxın ki, həmişə xırda-para yazılar üçün zəng edən Nicat belə bir ağır xəstəliyə düçar olduğunu dost-tanışlarının, həmkarlarının hamısından son ana qədər gizlədib. Bu “sirr” o vaxt açılıb ki, artıq onu saxlamaq mümkün deyildi.
Onun ağır durumda olduğu barədə xəbəri dostu Elşad Məmmədli gətirəndə ilk olaraq yadıma onun gözlərinin dərinliyindəki kədər düşdü. O kədər onun gözlərindən hətta güləndə də çəkilmirdi.
Əslində bu ilin əvvəlində əsgər ölümləri ilə bağlı ajiotaj yarananda Nicatın gözlərindəki kədərin mənbəyi də xeyli çözülmüşdü. Həmin günlərdə Nicat Dağlar hərbi xidmətdən ağır xəstələnərək evə qayıtmış qardaşından belə yazmışdı:
“Qardaşımı itirirəm… Evimizin son beşiyi, atasının-anasının dəcəl balası indi ölüm yatağındadır. Cəmi bir neçə il bundan öncə öz boy-buxunu, qolunun qüvvəsilə qürrələnən qardaşım indi boş bir stəkanı belə əlində saxlamaq gücündə deyil... Cəmi bir neçə il öncə özündən qat-qat ağır çəkidə olan qardaşını qollarının üstündə başı üzərinə qaldıran ərköyün Samirimiz indi qardaşının bir yaşlı körpəsini qucağına almaq imkanından məhrumdur – bacara bilmir. İndi onun da bacardığı ancaq ağlamaqdır… Halına ağlayır, bəlkə də, heç vaxt sağalmayacağını bilir deyə ağlayır. Bilirəm, yaşamaq, sevinmək, onu artıq özünə “doğmalaşdıran” xəstə yatağından qurtulmaq istəyir. Hətta bir dəfə qulağıma pıçıldadı da: “Qardaş, qoyma ölüm”. Mən bədbəxt isə deyə bilməmişəm ki, ay yazıq qardaşım, daha bacarmıram...”.
Taleyin dönmüşlüyünə, qara gəlmişliyinə baxın. İndi Nicat qardaşı ilə təxminən eyni qisməti yaşayır və mediadakı qardaşlarına “qoymayın” da demir. Ancaq biz xəbər tutduq və əlimizdən gələni edəcəyik ki, son illərdə vaxtsız-vədəsiz itirdiyimiz dostlarımızın – Adil Qaçayoğlunun, Alim Kazımlının, Məmməd Nazimoğlunun, Elçin Səlcuqun, Ceyhun Nağının, Şahin Ağabəylinin, Vüqar Qocamanlının cərgəsinə daha bir istedadlı həmkarımız qoşulmasın.
Tez sağal, gəl, qardaş. Axı biz birlikdə Rio-de-Janeyroya, beynəlxalq konfransa da gedəcəkdik. Yadındadırmı, deyirdin, üç qardaş gedib Braziliyanı da görərik. Gəl, Nicat, gözlərindəki o kədəri sil, gəl, gedək Rioya...

