Xəbər lenti

Beyləqanda partlayış baş vermiş çörək zavodu ilə bağlı iddia - ARAŞDIRMA
Ölkə07:54 18.02.2014

Beyləqanda partlayış baş vermiş çörək zavodu ilə bağlı iddia - ARAŞDIRMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Beyləqanda partlayış baş vermiş çörək zavodunun sahibinin kimliyi ilə bağlı maraqlı iddialar ortaya çıxıb. 

Rayondan Qaynar.info-ya daxil olan məlumata görə partlayışın baş verdiyi çörək zavod Yusif Cəfərov adlı sahibkara məxsudur və uzun illərdir ki, rayonda fəaliyyət göstərir. Amma bir müddət öncə Beyləqanın icra başçısı Vaqif Abdullayev həmin sahibkarın biznesinə əl qoymağa çalışıb və aralarında böyük narazılıq yaranıb. 

Sahibkar isə icra başçısının təzyiqlərinə davam gətirə bilməyərək onun "şərtləri"ni qəbul etmək məcburiyyətində qalıb. Beləliklə, Abdullayev sözügedən çörək zavodunda pay sahibi ola bilib. Ancaq o, zavodu tam ələ keçirmək iddiasından əl çəkməyib. 

Maraqlıdır ki, dünən partlayış baş verən əraziyə gələn insanlar hadisə yerinə buraxılmayıb, jurnalistlərə isə çəkiliş aparmağa icazə verilməyib. Bu göstərişin də İcra Hakmiyyətindən verildiyi deyilir. 

Beyləqandan verilən məlumatda o da bildirilir ki, sözügedən çörək zavodu əsasən də Beyləqan rayonun mərkəzində yaşayan sakinləri və həmin ərazidə yerləşən hərbi hissələri çörəklə təmin edirmiş. Mənbə həmçinin bildirir ki, baş verən partlayış icra başçısına obyekti ələ keçirmək üçün böyük bəhanə verib. Partlayışdan sonra icra hakimiyyətinin məsul şəxsləri ona çörək zavodunun fəaliyyətinin dayandırılması ilə bağlı xəbərdarlıq ediblər. Həmçinin sahibkar tam zərəsizləşdirilmək üçün zavodda təhlükəsizlik tədbirləri görməməkdə ittiham olunur. 

Məsələ ilə bağlı Beyləqan rayon İcra Hakmiyyətinin mövqeyini öyrənə bilmədik. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Xatırladaq ki, ötən gün axşam saatlarında Beyləqan rayonunda çörək zavodunda partlayış baş verdi. Rayon Polis Şöbəsinin yaydığı məlumata görə, qaz sızmasının səbəb olduğu partlayış nəticəsində zavodun işçiləri - 1966-cı il təvəllüdlü Vəzifə Süleymanova, 1964-cü il təvəllüdlü Nəzakət Quliyeva, 1960-cı il təvəllüdlü Xalidə Həsənova, 1967-ci il təvəllüdlü Zemfira Abbasova və 1958-ci il təvəllüdlü Məxsurə Cəfərova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 

Axşam saatlarında isə məlumat yayıldı ki, çörək zavodunda baş vermiş partlayış zamanı xəsarət alan beş nəfərdən dördü ambulator müalicə almaq üçün evə buraxılıb.

Beyləqan MRX-nın Təcili Tibbi Yardım Stansiyasının həkimi Əlişir Əflatunov APA-nın Qarabağ bürosuna bildirib ki, yaralılardan Vəzifə Süleymanovanın ayaq nahiyəsində qırıq və bədənin digər nahiyələrində ağır xəsarətlər olduğundan xəstəxana şəraitində müalicə alması üçün palataya yerləşdirilib. Vəzifə Süleymanovanın həyat yoldaşı Oruc Süleymanov APA-nın Qarabağ bürosuna bildirib ki, partlayış buxar qazanında baş verib. Xəmir dolu qazan V. Süleymanovanın üstünə aşıb. Digər dörd nəfərin üstünə isə buxar qazanından isti su tökülüb. O, həyat yoldaşını özü qazanın altından çıxarıb.

Hadisə baş verən müəssisənin rəhbərliyi partlayışın baş verdiyi ərazidə çəkiliş aparmağa imkan verməyib.

Faktla bağlı araşdırmaların aparıldığı bildirilir. 

Qaynar.info