
"Gələn il ipoteka bazarının canlanması gözlənilirdi. Belə bir anda Beynəlxalq Bankın ipoteka bazarından çəkilməsi çox qəribədir".
Bu sözləri Qaynarinfo.Az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Beynəlxalq Bankın ipoteka kreditlərini dayandırmasına münasibət bildirərkən deyib.
Natiq Cəfərlinin fikrincə, prosesslər bir az fərqlidir:
"Beynəlxalq Bankın həm idarəetməsində, həm problemli aktivlərinin idarə edilməsində ciddi dəyişiliklərin olması gündəmdədir. Burda daxili auditin getdiyi haqda da məlumat var. Bu rəsmi olmasa da, qeyri-rəsmi məlumatlar daxil olur. Bunların fonunda müvəqqəti olaraq belə bir qərarın alınması gözləniləndir. Bankın ümumi aktiv addımlarının bir müddət səngiməsi gözlənilir. Ən azından ilin əvvəlində bankla bağlı müəyyən qərarların olacağına qədər aktivlik səngiyəcək".
Ekspertin sözlərinə görə, Beynəlxalq Bank kimi böyük bir oyunçunun ipoteka bazarından çəkilməsi və bu kreditlərin verilməsinin dayandırılması uzun müddətli xarakter alacaqsa və bir neçə ay davam edəcəksə, bu ümumi daşınmaz əmlak bazarına mənfi təsir göstərəcək:
"Çünki bu bazarda ən böyük oyunçulardan birincisi Beynəlxalq Bank idi. Bu uzun müddət davam edəcəksə, satışlara öz mənfi təsirini göstərəcək. Qəribəsi də budur ki, gələn il ipoteka bazarının canlanması gözlənilirdi. Bunun üçün büdcədə 100 milyon manat əlavə vəsait nəzərdə tutulmuşdu. Sosial evlər layihəsinə start verilmişdi. Bir çox layihələrdə ipotekanın daha da sürətləndirilməsi nəzərdə tutulurdu. Belə bir anda Beynəlxalq Bankın ipoteka bazarından çəkilməsi çox qəribədir. Düşünürəm ki, bu qərar qısa müddətli olar. Çünki daxili problemlər həll olunmasa, bankın irəli getməsi mümkün deyil".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az