
14 iyun 2016-cı il tarixdə Biləsuvar rayon Səmədabad kəndində yeni inşa olunmuş Heydər Əliyev adına parkın açılışı oldu və parkda 15-iyun-Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçirildi.
Qaynarinfo.az xəbər verir ki, açılış mərasimində Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivi, ağsaqqallar, gənclər, kənd sakinləri və KİV nümayəndələri iştirak edib.
Tədbirdə Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev 15 iyun-Milli Qurtuluş günü ilə əlaqədar çıxış edib.
M.Quliyev bildirdi ki, hər il təntənə ilə qeyd etdiyimiz 1993-cü ilin 15 iyunu xalqımızın tarixinə qızıl hərflərlə yazılmış bir gündür. "Məhz həmin tarixdən Azərbaycan xalqının çox böyük çətinliklərlə yenidən əldə etdiyi müstəqilliyinin xilası başlanır. Heydər Əliyevin iyun aynın 15-də yenidən siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil olmaqla, Milli Qurtuluşumuzun təməlini qoymuşdur.
Çıxışının sonunda M.Quliyev rayonun Səmədabad kəndində yeni inşa olunmuş Heydər Əliyev adına park haqqında məlumat verdi.Bildirdi ki, hər birimiz üçün əziz olan bu gündə biz həm də başqa bir əlamətdar hadisəni-Səmədabad kəndində Heydər Əliyevin adını daşıyan bu möhtəşəm parkın açılış mərasimini qeyd edirik. Səmədabad kəndində bu yaraşıqlı parkın tikintisinə 2014-cu ildən başlanmışdır.
Səmədabad kəndində əsl mədəniyyət mərkəzinə çeviriləcək belə bir əzəmətli parkın salınması ölkə Prezidenti cənab İlham Əliyevin Səmədabad və ona yaxın olan yaşayış məntəqələrinə, eyni zamanda bütün Biləsuvar rayonu əhalisinə göstərdiyi qayğısı və diqqətinin bariz nümunəsidir.
Çıxış edənlər qeyd etdilər ki, Müstəqil Azərbaycanımızda yaşanan 15 iyun - Milli Qurtuluş günü xalqımızın çətinliklərdən qurtulub, güclü bir dövlət bünövrəsinin qoyulduğu gündür. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Ümummilli liderimiz Heydər Əliyev yaradıb. Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətləri vardır. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqlar.
Kənd sakinləri kənddə gözəl bir istirahət parkının tikilməsinə görə Ölkə rəhbəri İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.
Sonra Heydər Əliyev adına parkda respublikanın tanınmış müğənilərinin iştirakı ilə hazırlanmış geniş konsert proqramı nümayiş olundu.
Qaynarinfo.az










