
Bakının 9 rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə qərar qəbul edilib.
Belə ki, icra hakimiyyətlərinə 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək yerində yenilərinin inşa edilməsi qeyd olunub.
Bəs, bu söküntü və yeni binaların tikintisi işləri necə həyata keçiriləcək? Neft qiymətlərin aşağı olması, büdcə gəlirlərinin azaldığı bir zamanda bu söküntü və inşaat işləri dövlət büdcəsinə nə kimi xeyir verə bilər?
Qaynar.info bu suallarla iqtisadçı ekspert Vüqar Bayramova müraciət edib.
Vüqar Bayramovun sözlərinə görə, büdcənin imkanlarını və neftin qiymətini nəzərə alsaq, bu tikinti işlərinin sürətli şəkildə aparılması mümkün deyil: "Bu mərhələli şəkildə olmalıdır. Maliyyələşdirmə büdcə tərəfindən həyata keçriləcəksə, bunun mərhələli olması və dövlət büdcəsinə ağırlıq yaratmamasına çalışmaq lazımdır. Sürətli söküntü və tikinti işləri büdcədən daha çox vəsaitin bura istiqamətlənməsinə səbəb ola bilər. Nəticədə bu büdcə üçün çox ağırlıq yaradar".
Ekspert hesab edir ki, bu kimi işlərdə xarici ölkələr təcrübəsindən istifadə etmək daha məqsədəuyğundur: "Digər ölkələrin təcrübəsinə diqqət yetirsək, belə hallarda tikintini dövlət deyil, özəl şirkətlər tərəfindən həyata keçrilməsinin şahidi olacağıq. Biz təklif edirik ki, tender elan olunsun. Həmin binaların söküntüsünə və inşaasına özəl şirkətlər cəlb edilsin. Özəl şirkətin məsuliyyəti ondan ibarət olur ki, köhnə binada yaşayan sakinlərini evlərinə uyğun olaraq başqa mənzillə təmin edir. Əgər sakinin iki otaqlı mənzili varsa, ona başqa yerdə iki otaqlı mənzil verilir, konpensasiya ödənilmir. Bu daha məqsədəuyğun praktikadı. Nəzərə alaq ki, köhnə binaları, daha hündür mərtəbəli binalar əvəz edəcək. Bu da özəl şirkətin yerdə qalan mənzilləri satmasına və gəlir əldə etməsinə hesablanıb".
Vüqar Bayramovun fikirincə, özəl şirkətlərin bu işlərə cəlb edilməsindən dövlət də qazanar: "Bu kimi lahiyələrdə yeni tikilən binalardan bir neçə mənzil dövlətin balansına keçir. Bu da həmin mənzillərin dövlət tərəfindən sosial məqsədlər üçün istifadə edilməsi deməkdir. Nəticədə büdcəyə ağırlıq yaratmadan binaların söküntüsü və yeni binaların inşaa edilməsi mümkündür. Güman edirəm ki, indiki məqamda daha uyğun praktika tender vasitəsiylə bu işin özəl şirkətlərə verilməsi ola bilər. Bu həm özəl şirkətlərin prosesə cəlb edilməsinə imkan yaradacaq, həm də büdcə üçün ağırlıq yaratmayacaq".
Qafqaz Rafiqoğlu
Qaynar.info