Hüseynbala Səlimov
Böyük insanlara və eləcə böyük tarixi hadisələrə münasibət həmişə mürrəkkəb olub. Məsələn, insanlar – filoloqlar, tarixçilər, filosoflar, kulturoloqlar və əlbəttə, jurnalistlər hələ də mübahisə edir: "Hamlet”i, "Otello”nu, "Romeo və Cülyetta”nı, eləcə də dünya ədəbiyyatının digər incilərini U.Şekspir yazıb, yoxsa burada dünyanın ən böyük dramaturqu və teatr xadimi müəllifliyi ən yaxşı halda filosof F.Bekona, ən pis halda isə, özünün nökərinə güzəştə getməlidir?..
Eyni sözləri böyük tarixi hadisələr haqqında da demək mümkündür. Bəli, bu müstəvidə də məğlubiyyət və uğursuzluq daim "yetim” olubdur, di gəl, bunu qələbələr və uğurlar haqqında demək olmur; qələbə çələnglərinə iddiaçılar həmişə çox olub.
Belə böyük tarixi hadisələrdən biri də, heç şübhəsiz, İkinci Dünya müharibəsidir. Bu həftə koronavirus imkan versəydi, Moskvada Qələbə gününün 70-ci ildönümü böyük və beynəlxalq tərkibli (hərçənd, bu məqam çox şübhəlidir!) hərbi parad ilə qeyd olunacaqdı.
Amma belə məsələrdə də vəziyyət bir az əvvəldə qeyd etdiyimiz kimidir: bəli, düz 70 il keçməsinə baxmayaraq, burada da mübahisələr səngimir ki, səngimir.
İlk növbədə hələ də xilaskar – ölkə adına iddia edən dövlətlərin təmsilçiləri mübahisə etməkdədirlər. Onlar əvvəlcə cəmi dörd, real olaraq isə üç ölkə olublar, amma faşizmə qalib gələn kimi, bu ölkələr "ikinci cəbhə” açdılar və beləcə tarixin ən qaynar müharibəsindən sonra onun "ən soyuq” davamı başladı: bir tərəfdə SSRİ idi, digər tərəfdə isə Böyük Britaniya, Fransa və ABŞ...
Amma bu, İkinci Dünya müharibəsinin yeganə özəlliyi deyildi. Hərb tarixçiləri və nəzəriyyəçiləri hələ də sonuncu dünya müharibəsinin bəzi məqamları ilə bağlı mübahisə edir, hansısa qələbəni hərb sənətinin zirvəsi adlandırır, başqa birisinə isə "Pirr qələbəsi” adı verirlər. Güman ki, yüz ildən sonra da belə olacaq, çünki tanınmış hərb nəzəriyyəçisi K.fon Klauzivits yazırdı ki, müharibə siyasətin başqa üsullarla davamıdır və əgər hər hansı məsələyə siyasətçilər qarışırsa, bu o deməkdir ki, hər şey olduğundan qat-qat mürəkkəb və qəliz olacaqdır.
Biz bu müharibənin başqa cəhətini də qeyd etmək istərdik. Ona münasibət keçmiş sovet respublikalarının özündə də birmənalı və sadə deyil. Onların bəzisi sovet əsgərlərinin xatirəsini uca tutur, digərləri isə hesab edir ki, sovet ordusu işğalçı idi və o səbəbdən də "milli legionlar”ı əbədiləşdirir, hesab edirlər ki, məhz onlar ölkələrinin azadlığı uğrunda vuruşublar. Məsələ bundadır ki, müharibə bu respublikaların xalqlarının hamısını "polyarizasiya” etmişdi: onların bir hissəsi almanların, digər hissəsi isə sovetlərin tərəfində vuruşurdular...
Elə Rusiyanın özü də bu vəziyyətdə idi. Müharibə vaxtı almanların tərəfində Rusiya Azadlıq Ordusu vuruşurdu. Odur ki, müharibə ilə bağlı bütün keçmiş sovet xalqları, o cümlədən də ruslar özləri mübahisə edir.
Amma düşünürük və hətta buna tamam əminik ki, burada söhbət ilk növbədə faşizmə qarşı müharibədən getməlidir və əldə olunmuş qələbəni də faşizm üzərində qələbə kimi qəbul etmək lazımdır.
Bəli, müharibədə "milli legionlar” da olmuşdu, amma ki, onların qurucuları və rəhbərləri Hitler faşizmini özlərinə nüttəfiq hesab etməkdə yanılırdı. Amma bununla belə, bu məsələdə də əyintilərsiz keçinilmir və bəzi ölkələrdə faşist elementlərinin, irticaçı–millətçilərin, müharibə vaxtı dinc əhaliyə qarşı əməliyyatlarda iştirak etmiş adamların fetişləşdirilməsi baş verir. Ermənistanda Njdeyə ucaldılmış abidə məhz bu qəbildəndir, çünki bu faşist nökəri yanılmış, səhv etmiş bir adam deyildi, ideyaca faşist idi və hətta ermənilər üçün bir faşist konsepsiyası da cızma–qara etmişdi…
Azərbaycana və azərbaycanlıların bu hadisəyə münasibətinə gəldikdə isə, bəlkə də biz Rusiyadan sonra ikinci ölkəyik ki, hər il Qələbə gününü qeyd edirik.
Əlbəttə, bizdə də fərqli baxışlar, fərqli yanaşmalar var - özü də haqlı olaraq, çünki mayın 8–də tək Qarabağın yox, bütün Azərbaycanın incisi sayılan Şuşa işğal olunub. Odur ki, bir gün əvvəl erməni-rus hərbi birləşmələri, bir gün sonra isə "Şanlı sovet ordumuz” demək elə də asan məsələ deyil.
Amma bu tarixi gün də bizim üçün bir yaxşı fürsətdir ki, Dünyaya göstərək ki, faşizm hələ tam şəkildə tarixə gömülməyib, hələ də orada-burada özünü saxlamaqda, qalmaqdadır.
Ermənilər Azərbaycana qarşı öz savaşlarını "Dağlıq Qarabağ ermənilərinin azadlıq hərəkatı” kimi qələmə verməyə çalışsalar da, mahiyyətcə, o, sadəcə, erməni faşizmidir və məzmunu da "Qədim Roma imperiyası vaxtındakı ədaləti” bərpa etmək, "İki dənizarası Ermənistan” qurmaq və əlbəttə, türkləri bir etnos kimi məhv etməkdir...