
Daxili Qoşunların Bakıdakı "N" saylı hərbi hissəsində iki gündür xidmətə başlayan əsgər Fərman Hüseynov darıxdığından intihar edib.
Bu barədə “Yeni Müsavat”a Saatlı Rayonun icra hakimiyyətinin ictimai əlaqələr şöbəsinin müdiri Lütfəli Novruzov məlumat verib: “Təzə xidmətə başlayanlarda darıxma kimi problemlər olur. Sonra zamanla qaydasına düşür. Elə bir problemi var idisə gərək komandirinə deyərdi”.
Aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü Hüseynov Fərman Sarvan oğlunun yaşadığı Çolpi kəndinin icra nümayəndəsi Hacıbala Ağahəsənov isə “Yeni Müsavat”a deyib ki, intihar edən əsgərin iki dayısı oğlu da həmin hərbi hissədə xidmət edib: “Mənim öz oğlum da həmin hərbi hissədə xidmətdə olub. Nümunəvi hərbi hissələrdəndir. Ölən əsgər iki gün imiş ki, Daxili Qoşunların hərbi hissəsinə gətirilibmiş. Onunla birgə, qonşusu da eyni hərbi hissədə, eyni kazarmada qalırmış. Psixoloji cəhətdən zəif, bir o qədər də səbirsiz gənc darıxırmış. Yasında iştirak etdim. Valideynləri də şokdadır. Hər hansı bir şikayətləri də yoxdur. Daha başqa məlumatım yoxdur”.
Qeyd edək ki, əsgər Hüseynov Fərman Sarvan oğlu hərbi hissənin yataqxanasının 3-cü mərtəbəsinin pəncərəsindən özünü yerə atıb. Əsgər Hüseynov ağır xəsarətlərlə hospitala yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Daxili Qoşunların mətbuat xidmətindən verilən məlumata görə, əsgər Hüseynov hərbi hissəyə aprelin 9-da gətirilib və onun adı hələ siyahıya salınmayıb.
Hazırda hadisənin hansı səbəblərdən baş verməsi istiqamətində araşdırma aparılır.
____
11:21
18 yaşlı Fərman Hüseynov özünü kazarmanın 3-cü mərtəbəsindən atıb.
Daxili Qoşunların Bakıda yerləşən N saylı hərbi hissəsində faciəvi hadisə baş verib. Hərbi mənbələrdən lent.az-a verilən məlumata görə, aprelin 3-də Saatlı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə aparılan gənc əsgər, 1995-ci il təvəllüdlü Hüseynov Fərman Sərvan oğlu özünü kazarmanın 3-cü mərtəbəsindən atıb. 18 yaşlı gənc əsgər hospitalda dünyasını dəyişib.
Daxili Qoşunların Mətbuat Xidmətinin rəisi, polkovnik-leytenant Təranə Məmmədova lent.az-a faktı təsdiqləyib. O bildirib ki, hadisənin intihar və ya bədbəxt hadisə olması hələlik məlum deyil və araşdırmalar aparılır.
Qaynar.info