
Mirmahmud Mirəlioğlu: "Partiya olaraq aksiyada səslənəcək şüarları dəstəkləyirik”
“Nə qədər ki, bu idarəetmə var, orduda baş verənlər daha da artacaq.Bilirsiz ki, ordu da korrupsiyaya uğrayıb, kifayət qədər özbaşınlıq var.Atəşkəs olmasına baxmayaraq, demək olar ki, hər gün əsgər ölümlərivar”.
Bunu Qaynar.info-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu son dövrlər orduda baş verən əsgər ölümlərinə münasibət bildirərkən deyib.
Partiya sədrinin sözlərinə görə, orduda baş verən hadisələr parlamentdə də qaldırılıb: “Məsələnin Milli Məclisdə qaldırılmasına baxmayaraq, heç bir nəticə əldə olunmayıb. Səfər Əbiyev məsələsi və Müdafiə Nazirliyində “oturuşmuş” sistem dəyişməyənə qədər bu belə də davam edəcək. Biz bunu ilk gündən demişik. Bizim dediklərimizə əhəmiyyət belə vermirlər. Biz onu tənqid etdikcə, rütbəsi artır. Ehtimal var ki, onun vəzifəsini daha yüksəltsinlər".
M.Mirəlioğlu əsgər ölümləri ilə bağlı martın 10-da keçiriləcək aksiyaya dəstək verəcəklərini də deyib: “Bizim partiyanın üzvləri aksiyada aktiv iştirak edəcəklər. Partiya olaraq aksiyada səslənəcək şüarları da dəstəkləyirik”.