Elkin Xəlilov
Bu yaxınlarda qonşu ölkə olan Gürcüstanın paytaxtı Tiflisdə oldum. Bir neçə günlük istirahətə getmişdim. Gürcüstan, Tiflis barədə yazılar yazacam. Yəni, indidən bu barədə danışmaq istəmirəm.
Sadəcə Tiflisdə olanda diqqətimi bir məsələ çəkdi. Şəhərdə adətən qrup halında gəzən yaşlı insanlar. Tiflisdə olanda bu mövzunu dəyərli maarifçimiz Seymur Baycanla görüşəndə də danışdım.Müəllimlə söhbətdən sonra düşündüm ki, elə ən yaxşısı bu haqda yazı yazmaqdır.
Təxminən söhbət belədir ki, şəhərin istənilən yerində olanda qrup və çox az hallarda cütlük halında gəzən yaşlı turistlərlə adam qarşılaşır. Tiflisdə olanlar bilərlər, bu şəhərdə sözün həqiqi mənasında yollar çox eniş-yoxuşludur. Cavan adamlar belə bir az gəzdikdən sonra, hardasa oturub, dayanıb toxtaqlıq alır.
Məhz elə bu yollarda mən yüzlərlə yaşlı turist gördüm. Bəziləri 20-30 metr getmiş dayanıb nəfəslərini dərirdilər, sonra yenə yollarına davam edirdilər. Üzlərində də gülüş. Hiss edirdin ki, gəzməklərinə görə peşman deyillər, kimisə söymürlər. Hələ əksinə, keflərinə düşəndə yol qırağında oturan gənclərə özlərinəməxsus formada gülərək salam verirlər. Bəlkə də bir mesaj göndərirlər ki, biz bu yaşda gülürüksə, zarafat ediriksə, sənə nə olub?
İkinci diqqətimi çəkən məsələ bu turistlərin içərisində Azərbaycanlıların olmaması idi. Demək olar ki, bu yaşlı insanların əksəriyyəti Qərbi Avropadan Tiflisə üz tutanlar idi. Danışıqlarından hiss edirdim ki, Alman və İngilislər üstünlük təşkil edir. Kefləri yerində, üzlərində təbəssüm, pulları ciblərində düşüb şəhəri gəzirdilər. Günorta zamanı kafelərin əksəriyyətində də olan adamlar elə bu yaşlı insanlar olurdu.
Bu yaşda mən onlara baxıb paxıllığım tuturdu. Adamlar çox xoşbəxt görünürdü. Başa düşürəm,hər zaman xoşbəxt olmağın özü belə bir axmaq istəkdir. İnsan gərək hissiyyatlı ola. Ətrafında baş verənləri duya, bəzən tanımadıqlarının acısına belə ağrıya. O ağrını özününki hesab edə. Yoxsa ömür boyu hırıldamaq istəyən, yaxşı restoranlarda yemək yeyib, bahalı mağazalardan paltar alıb, bahalı hotellərdə dincəlib, ətrafda olanları hiss etməmək arsız adam işidir. Bu əlavəni ona görə yazıram ki, xoşbəxt olmaq haqda mənim fikirlərim də fərqlidir.
Amma məsələ budur ki, insanlar bu yaşda gəliblər gəzməyə. Kiməsə mane olmurlar, hələ əksinə pozitiv enerji verirlər. Bu insanlara baxdıqda ,öz ölkəmizdə olan qocalar yadıma düşdü. Yenə haşiyəyə çıxmağa məcburam. Bu yazını yazmağıma səbəb yaşlı nəsillə gənc nəsil arasında olan ənənəvi atmacalar səbəb deyil. Və ya mən özüm də bilmirəm ki, yaşlananda necə olacam. Bəlkə də bizə baxdıqda, keçmişdə olan yaşlılara şükür edəcəklər. Yəni bu mövzularda dartışmıram, nə buna vaxtım, nə də hövsələm var. Sadəcə gördüklərimi yazmaq, olanları demək kimi bir azadlığım var.
Bizim qocaların, qocalmağa doğru gedənlərin işi nədir? Kimlərinsə həyatını zəhər etmək, hər şeylə maraqlanıb, ona müdaxilə etmək. Qoca adamlar tanıyıram ki, bu gün sabahlıq ömrü qalıb, amma yenə pensiyasının üstündə əsir. Pulları qoynunda saxlayır. Bir manatın davasını edir. Niyə bunu edir, nəyə yığır, kimə verəcək bu pulu heç kim bilmir. Desən gedib hardasa gəzəcək, istirahət edəcək, amma onu da etmir. Bütün günü evdə oturub, gəliniylə oğlu arsında dava mövzusu axtarır. Fikirləşir ki, necə edib bu axşam evdə dava düşsün. Soruşanda da niyə belə edirsən, deyirlər sən bilmərsən. Guya nəsə dəhşətli hikmətli bir şey var burda.
Deyən lazımdır ay nənə, ay baba, ay ata, ay ana, həyatının 99 faizi gedib. Yerdə nə qalıbsa, hamısı bonusdur. İstifadə et. Bütün günü evdə oturub dava axtarma, bir nəvənin əlindən tut düş aşağı. Yığdığın o pullardan bir-iki manatını bu uşağa xərclə. Qoy həm o sevinsin, həm də sən bir xoş iş gör. Bir addamın yaddaşında xoş iz buraxmaq istəyirsənsə,ona uşaq vaxtı yaxşılıq et. Sən nə qədər pis olsan da, yenə onun yadında xoş xatirələrdə qalacaqsan. Çünki o səni onu parkda gəzdirən, ona istədiyi şirniyyatı alan adam kimi qalacaqsan.
Amma hardadır, yenə öz bildiklərini edirlər. Elə gənclər var ki, illərdir bir-birlərini sevirlər, amma bu yaşlı adamlar imkan vermir onlar birlikdə olsun. Nədir-nədir filankəslə mənim münasibətim cavan vaxtı yaxşı olmayıb. Başa düşdük sizin münasibətiniz yaxşı olmayıb, bəs bu cavanlar nə etsin? Kimlərəsə görə, kimlərinsə həyatı zəhər olur.
Yaşlı insanların yerindən durmamaları ilə bağlı məsələ məişətdən də kənara çıxıb. Adamlar var ki, 70 yaşları tamamdır, 80-ə baş vururlar, amma yenə müdirdilər, komitə sədirləridir, nazirdilər, deputatdılar, partiya sədrləridirlər. Hələ bəziləri də kresloda canlarını tapşırılar. Yerlərindən durmaqla işləri yoxdur.
Yazını yazanda bir neçə müxtəlif mənbələrdən yaşlı insanlarla bağlı yazılar oxudum. Mənə ən maraqlı gələn bir psoxoloqun sözləri idi. Yazar deyirdi ki, bir insan həmişə uşaq və gənc yaşında olan tramaların daşıyıcısı olur. Məsələn bir adam öz uşaqlığını yaşamayıbsa, öz gəncliyini normal keçirməyibsə o başqalarının öz gəncliklərini normal keçirməsini qəbul edə bilmir. Əlbəttə burda da istisnalar var. Kamil insan heç vaxt nəyəsə görə, başqalarını günahlandırmaz. Amma necə deyərlər istisnalar qaydanı pozmur. Bizdə vəziyyət bu gün belədir. Adamlar öz uşaqlıqlarını, gəncliklərini yaşıya bilmədikləri üçün əzab çəkirlər. Onlar qəbul edə bilmirlər ki, bir qızla oğlan qohub-əqrabaya genəşmədən evlənir. Onlar qəbul edə bilmirlər ki, bir gənc rahatlıqla adət-ənənəyə qarşı çıxır. Öz istəkləri uğrunda mübarizə aparır.
Yazar həmçinin deyir ki, insan öz dövrünü düzgün başa vurmayanda, gələcəyi də problemli olur. Məsələn bir adamın uşaqlığında, gəncliyində problemlər olubsa və o bunu trama kimi yaşayıbsa, onun yaşlanmağa doğru gedən zamanı və bundan sonrakı dövrü də normal olmayacaq.
Bəli, qısa və konkret onu demək lazımdır ki, bu gün bizdə də vəziyyət belədir. Adamlar tramalıdır. Turgenev “Rudin” əsərində deyir ki, dünyada 3 cür eqoist insanlar var: “Birincisi, özləri yaşayan və başqalarını da yaşamağa qoyan eqoistlər, ikincisi, özləri yaşayan, başqalarının yaşamasına mane olan eqoistlər, nəhayət, nə özləri yaşayan, nə də başqalarını yaşamağa qoyan eqoistlər. Qadınların çoxusu bu üçüncü növ eqositlərdəndir”.
Məncə bu gün Azərbaycanda nəyinki qadınlar, ümumilikdə əksər insanların çoxu məhz bu üçüncü kateqoriyaya aid edilməlidir. İnsanlar nə özləri yaşayırlar, nə də kimisə yaşamağa qoyurlar.
Yazımı isə sonda Seymur Baycanın “Bizim Ağsaqqalar” yazısında olanda bu cümlə ilə tamamlamaq istəyirəm. Azadlıqların tanınmadığı, qocaların hakimiyyətdə olduğu cəmiyyətlər ən ağıllı, ən intellektli insanlarını itirirlər. Azadlıqları tanıyan cəmiyyətlər isə dayandıqları yerdə ən intellektliəvə yaradıcı adamlara sahib çıxırlar.