Hüseynbala Səlimov
Bəlkə də yaddaşım aldadır, amma mənə belə gəlir ki, ötən ay əsasən iki olay məni daha çox düşündürdü. Biri xaricdə baş vermişdi, digəri isə bizim öz ölkəmizdə.
Xarici olay bu idi ki, bir milyarder Oksford universitetinə 160 milyon dollar bağışlamışdı. Əslində bu detal məni təəccübləndirməməlidi, çünki bir qayda olaraq qeyri ölkələrdə insanlar çalışıb – vuruşub böyük sərvət qazanırlar, axırda da onu xeyriyyə məqsədilə bu və ya digər təşkilata və yaxud da fondlara hədiyyə edirlər.
Bilirsiniz, bu çox qəribə detaldır, orta statistik müsəlmanın qavraya biləcəyi hüdudlardan kənardadır, amma adamda belə təsəvvür yaranır ki, biznes də bu adamlar üçün sadəcə, sevimli bir sahədir və əslində həmin adamlar məişətdə elə də bədxərc olmurlar, fəqət, bizim varlılarımız kimi pulu ütüləyib sandıqlara da yığmırlar, bir az əvvəldə dediyim məqsədlər üçün xərcləyir və bizim sadə, adicə çoban dilində desək, özləri üçün hələ diri ikən "rəhmət” qazanırlar...
Digər bir detal isə qeyd etdiyim kimi, burada – bizim Bakıda baş vermişdi. Bəlkə də ondan hamıdan axırda mən xəbər tutdum, çünki mən bunu televiziyadan seyr etmişdim. Bəli, söhbət, hər gün qonşuluqdakı mağazanın vitrini qarşısında əyləşib multfilmlərə tamaşa edən kiçik bir oğlan uşağından gedir. Mağaza rəhbərliyi bundan xəbər tutanda qərara gəlir ki, həmin televizoru uşağa bağışlasın və bağışlayır da.
Doğrusu, mən elə də kövrək adam deyiləm, amma gəl, televiziyadan bunu eşidəndə heç özüm də bilmədim, nə vaxt gözüm yaşardı. Bilirsiniz, niyə? Ona görə ki, Vallah, dünya malı dünyada qalacaq və bir uşaq qəlbini sevindirməyin əvəzini Tanrı min qat verəcəkdir. Buna inanırıqsa, çox böyük bir işdir bu və bir daha göstərir ki, ürəklərimiz hələ də tamam daşlaşmayıb–nə quruluş, nə çevrəmizdə gördüyümüz əyintilər, qəddarlıq və tamahkarlıq bizi tamam ram etməyibdir...
Bilirsiniz, bizim ölkəmizin də böyük xeyriyyəçilik ənənələri olub – kişilər olubdur ki, qazandıqlarının böyük hissəsini millətin yolundan sərf ediblər.
Sonradan bu ənənə kəsildi. Sovet dövrü məlum məsələdir – burada insanlar uzağı kollektiv qərar qəbul edə bilərdilər ki, bu aylıq maaşlarından beş manat ya Sülh Fonduna, ya da Vyetnama kömək üçün ayıracaqlar.
Sonra da indiki quruluş gəldi, ölkəmiz azad olldu, çox münasibətlər dəyişdi, amma başqa, bizimlə bir köynəkdən çıxmış ölkələrdə insanlar milyonçuları, milyarderləri, xüsusən də oliqarxları az qala, adabaad tanıdıqları bir halda bizdə guya belələri heç yerli-dibli yoxdur və burada adamın yadına rəhmətlik Mirzə Cəlilin Danabaş kəndi haqqındakı filmdən bir cümlə düşür: "Ağa naçalnik, bizim kəndə yerli - dibli uşaq olmur”...
Qərəz, nə başınızı ağrıdım, heykəlini ucaltmağa hazırlaşdığımız rəhmətlik Hacı Zeynalabdin Tağıyev və yaxud da Musa Nağıyev leqal bir şəkildə, halal yolla pul qazanırdılar və qazandıqları həmin halal pulu millətin yolunda xərcləyirdilər. İndi belələri yoxdur. Daha doğrusu, ola bilərdilər və olmalı idilər, amma qoymadılar. İndi varlılarımız bizim öz dost - doğma məmurlarımız, nazirlərimizdir. Ən böyük biznes də vəzifə, bəli, lap düz eşitdiniz, vəzifədir.
Elə ki, bu məmurlar –nazirlər vəzifədən gedir, bax, onda nələr çıxmır ortaya? Milyon nədir, söhbət gedib milyarda çatır. Kimsə bu sərvəti bu adamlardan alırmı? Demək olar ki, yox – farağat dursalar, əgər səslərini qaldırmasalar, özlərini yaxşı aparsalar, kimsə onlara toxunmur. Amma heç sözsüz ki, cinayətin öz xofu var – oğurlanmış böyük pullar da belədi. Odur ki, biri ürəyini tutur, digəri böyrəyini – yəqin, ona görə ki, bunlara dəyib -toxunan olmasın...
Əlbəttə ki, bu adamlar durub xeyriyyəçi - filan ola bilməzlər. Birincisi, özləri belə adam deyillər, ancaq almağa alışıblar, verməklə araları yoxdur. İkincisi, dərhal bunlardan soruşula bilər ki, axı bu pullar haradan peyda olub? Əlbəttə, bu da qeyri-səmimilkdir, əslində hamı hər şeyi çox yaxşı bilir, amma, necə deyər, oyun qaydaları var və onları pozmaq olmaz – insanlar inandı-inanmadı, hər halda, qəbul etməlidirlər ki, bizim məmurlarımız, nazirlərimiz maaşa, uzağı "paket”ə dolanan adamlardır...
Amma bilirik burada sual yaranacaq ki, bir pulu ki, ürəyin istəyən kimi xərcləyə bilmədin, daha bunun nə ləzzəti? Yox, vəziyyət belə dramatik də deyil – deyəsən, mən sizi bir az qorxutdum, daha heç kim öz uşağını "nazir balam lay-lay” deyərək oxaşamayacaq. Əşi, yox, vəziyyət belə də deyil – villalar, restoranlar, şadlıq sarayları, daha nə bilim, nələr, nələr... Bunların hamısı mümkündür. Hətta xaricdə böyük hesablar, malikanələr və s. mümkündür. Həm də orada bizim məmurlar özlərini lap milyarder kimi, adlarına - özlərinə layiq apara bilərlər, bircə şərtlə ki, sorağı bizim "qara camaat”a çatmasın – yox, məni yenə düz başa düşmədiniz, "qara camaat” da bir şey edən deyil (hədləri nədir!), sadəcə gözə gətirərlər...
Bilirəm, deyəcəksiniz ki, bunun da daha nəyi "bilməmək” oldu? Əşi, siz də lap adamın hər sözünə ilişirsiniz. "Bilməmək məsələsi” budur ki, heç kim rəsmi şəkildə deyə bilməz ki, bu bina filan nazirindir, bəs filan nazir filan ölkədə filan qədər xərclədi, bəs nə bilim, daha nələr və nələr oldu...
Qeyri-rəsmi şəkildə isə hər şey mümkündür –necə deyərlər, elə ki, oldun dəyirmançı, onda çağır gəlsin...