Xəbər lenti

Dünya 17:01 11.01.2024

"Bloomberg": Rumıniya prezidenti Aİ Şurasının rəhbəri vəzifəsində maraqlıdır

Rumıniya prezidenti Klaus İohannis, Şarl Mişel Avropa Parlamentinə seçilmək üçün vəzifəsini tərk etdikdən sonra Avropa İttifaqı Şurasının növbəti prezidenti olmaq istəyir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, İohannis bu vəzifəyə namizədlərin kiçik siyahısına qoşulur, onların arasında İtaliyanın keçmiş baş naziri Mario Draqi və Lüksemburqun xarici işlər naziri Ksavye Bettel də  var. 

İohannisin ikinci prezidentlik müddəti ilin sonunda başa çatır və o, yenidən namizəd olmaq hüququna malik deyil.

Eyni zamanda, agentlik qeyd edir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ikinci müddətə qalarsa, Rumıniya prezidentinin Avropa İttifaqı Şurasının rəhbəri vəzifəsini tutması asan olmayacaq, belə ki, onların hər ikisi sağ mərkəzçi Avropa Xalq Partiyasının üzvləridir. 

İohannisin ofisinin sözçüsü Rumıniya prezidentinin planlarını şərh etməkdən imtina edib.

Adları çəkilən digər namizədlərə gəlincə, Bloomberg mənbələri Draqinin Aİ-də işləməkdə maraqlı olmadığını bildirir.

Ksavye Bettel isə bazar ertəsi RTL-ə verdiyi müsahibədə hələ Aİ-də vəzifəyə namizəd olmadığını və ölkəsində qalmaq istədiyini söyləyib. 
Xatırladaq ki, həftəsonu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel iyunda keçiriləcək Avropa Parlamentinə keçiriləcək seçkilərdə namizədliyini irəli sürəcəyini və bu səbəbdən vəzifəsini vaxtından əvvəl tərk edəcəyini açıqlayıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->