
BMT-nin Qida və Ərzaq Təşkilatı aclıqla mübarizə aparmaq üçün insanlara böcəklərdən istifadə etməyi məsləhət görüb.
Qaynar.info-nun məlumatına görə, təşkilatın Romadakı qərargahında keçirilən konfransda təqdim olunan "Yeyilə bilən böcəklər: Qida və yem təhlükəsizliyinin gələcəyi üçün məsləhətlər" adlı 200 səhifəlik hesabatda dünyanın fərqli ərazilərində 2 milyard insanın süfrələrində protein və mineral baxımdan zəngin olan böcəklərin yer aldığı bildirilib.
Hesabatda 1 kiloqram ət əldə etmək üçün iribuynuzlu heyvanların 8, böcəklərin sadəcə 2 kiloqram yem istehlak etdiyi də qeyd olunub.
Qida və ərzaq təhlükəsizliyinin qorunması üçün böcək fermalarının yaradılması təklif edilən hesabatda, böcəklərin hər yerdə yaşaya bildiyi və ətraf mühitə ziyan vermədiyi də bildirilib.
Təşkilat qırmızı ət və balıqla müqayisə də proteinlə daha zəngin olan böcəklərin lazımsız qidalanan uşaqlar üçün daha bir qida ola biləcəyini xüsusi olaraq vurğulayıb.
Qaynar.info