Xəbər lenti

Boşalan marketlər, yoxa çıxan növbələr: Qiymət lövhələrində qəpik-quruş
Ekonomiks13:39 15.04.2017

Boşalan marketlər, yoxa çıxan növbələr: Qiymət lövhələrində qəpik-quruş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verildiyi kimi, prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Makroiqtisadi sabitliyin möhkəmləndirilməsini önəmli məsələlərdən biri adlandıran prezident vurğulayıb ki, süni qiymət artımına yol verilməməlidir. 
“Bahalı dollar” bəhanəsi 
Ölkə başçısının bu çıxışını qiymətlərlə “oynayan” monopolistlərə xəbərdarlıq kimi qiymətləndirsək, ən azından bazarda müəyyən müddət üçün də olsa, ucuzlaşma gözləmək olardı. Dolların da manat qarşısında günbəgün dəyər itirməsi və manatn möhkəmlənməsi bazarı nəzarətdə saxlayan iri güclərin “bahalı dollar” bəhanəsini aradan qaldırır. Başqa sözlə desək, bir müddət əvvəl dolların az qala 2 manat həddinə çatdığı bir zamanda qiymətləri bahalaşdıran və buna haqq qazandıran bazar iştirakçıları prosesin əksinə inkişaf etdiyi bir zamanda da qiymətləri ucuzlaşdırmalıdır. Artıq bunun üçün “baha dollar” əsası və bəhanəsi yoxdur, 1 aydan da artıq müddətdə dollar ən azı 30 qəpik ucuzlaşıb və bahalaşmanın əsasən ərzaq bazarında müşahidə edildiyini diqqətə alsaq, 1 aydan da artıq müddətdə köhnə qiymətlərlə alınan mallar da artıq satılıb qurtarmış olmalıdır. Çünki Azərbaycanda orta statistik alıcının daha çox pul xərclədiyi sahə məhz ərzaq bazarıdır. İndilik isə görünən odur ki, qiymətlər nəinki enmir, əksinə, daxili istehsal və ya ixrac malı olmasından asılı olmayaraq bahalaşmaqdadır. Qəpik-qəpik gedən bahalaşma sonda alıcının pul kisəsində böyük ağırlıqda hiss edilir. 
Qiymət lövhələrində qəpik-quruş
“Cümhuriyət”in sözügedən müşavirədən sonra bazarda apardığı müşahidələr də bunu deməyə əsas verib. Nəzərə alsaq ki, bir müddət əvvəl ərzaq bazarında böyük paya sahib olan “Azərsun” bəzi məhsulların qiymətini azaltdığını bildirmişdi və bu, ucuzlaşma qəpiklərlə ifadə edilmişdi, o zaman marketlərdə də qiymət lövhələrində bu hiss edilməli idi. Marketlərdə isə hələlik bu ucuzlaşmanın təsiri hiss edilmir, əskinə, qəpik-qəpik bahalaşma siyasəti davam etməkdədir və görünür effektiv olur. Həm alıcının birdən-birə gözü qorxudulmur, həm də “bahalama ajiotajının yaranmasının qarşısı alınır. 
Ət yox, sümük alanlar artıb
Marketlərdə ən bahalı bölmə ət bölməsidir. Sümüklü ətin kiloqramı 12 manat 50 qəpik, sümüksüz ət isə 14 manat 80 qəpiyə satılır. Qoyun ətinin qiyməti nisbətən ucuzdur- 12 manat. Səbəbini satıcılar qoyun ətinin alıcısının çox olması ilə izah edirlər. Amma təbii ki, burda da qoyunla qoç və quzu arasında fərq qoyulur. Açıq etiraf etməsələr də 12 manata əsasən dişi qoyun əti satılır. Quzu ətində qiymət hər kiloqram üçün 14 manatdır. Çəkilmiş ətin qiyməti son zamanlar 2 manata qədər bahalaşıb. Əvvəl marketlərdə 8 manat 20 qəpiyə satılan çəkilmiş ət indi 10 manat 20 qəpikdir. Satıcılar çəkilmiş ətin alıcısının nisbətən daha çox olduğunu bildirir. Bir çoxları çəkilmiş ət adı ilə satılan məhsulun əsində nə olduğundan tam əmin olmasa da ət adına alır. Alıcısı artan məhsullardan biri də sümükdür. Təəccüblənməyin, əvvəllər borş bişirmək üçün alınan və çox zaman da qəssabların lazımsız deyə atdığı sümüklər indi alıcı bolluğu yaşayır. Söhbətləşdiyimiz market satıcılarının dediyinə görə əvvəllər bu sümüklər daha çox kafelərə satılıb. Yəni, marketlərdə ət sümükdən ayırıldıqdan sonra qalan sümüklər əsasən kafelərdə alıcı tapıb. Kafelər bu sümüklərdən yemək hazırlığında istifadə edib. İndi isə alıcılar o qədər artıb ki, marketlər hətta xüsusi sifarişlə işləyir: 
“Kafelər əvvəldən sifariş verir. Amma biz gündəlik olaraq sümüksüz satılacaq ətin hamısını eyni vaxtda sümükdən ayırmırıq. Satıldıqca dondurucudan çıxarırıq. Çünki alıcılıq qabiliyyəti azalıb. Buna görə də kafelərin istəyini dərhal təmin etmək olmur. Yəni, sümüklər yığılandan sonra gəlib aparırlar. İndi sümük alıcısı artıb. Elə adam var ki, əvvəldən xahiş edir ki, onun üçün saxlayaq. Ət alanlar azalıb, sümük əvvəl burda yığılıb qalırdı, alan olmurdu, indi əvvəldən sifariş verirlər. Yenə yeməyə ət dadı çıxır da...” 
“Sür-sümüyü elə təmizləyirlər ki, ət dadı çıxmır” 
Bu yerdə söhbətə yaşlı qadın qoşulur. O isə satıcılardan narazıdır: “Əvvəl sümüyün üstündə ət saxlayırdılar. “28 May”da bir supermarket var, həmişə ordan alırdım, üstündə az-çox ət olurdu. İndi orda sümükləri elə təmizləyirlər ki, nə qədər qaynatsan da ət dadı çıxmır. Heç olmasa bir az insaflı olsunlar. Sümükdən ayırdıqları qırıntıları da çəkib 10 manata satırlar”. Bu arada alıcısı son zamanlar artan dana sümüyünün qiyməti ucuzlaşıb. Əvvəl 60 qəpiyə satılırdısa, indi 40 qəpikdir. Amma sümük də var, sümük də. Kilqoramı 40 qəpiyə sizə sözün əsl mənasında sümük satacaqlar, əgər bu sümükdən ət dadı almaq istəyirsinizsə, o zaman boşuna ümidlənməyin. “Sür-sümüyü elə təmizləyirlər ki, ət dadı çıxmır, heç yumağa da ehtiyac yoxdur”,- deyə alıcı xanım bildirir.  
Almaniyadan toyuq da gəlir- 8,5 manata
Son günlər yumurtanın qiymətindəki enmə-qalxmalar toyuq ətindən yan keçib. Toyuq hissələri 4 manatdan başlayan qiymətlərlə satılır. Bütöv toyuq ala bilməyənlər üçün yaxşı seçimdir. Bazarda hətta Almaniya istehsalı olan toyuq və toyuq məhsulları da var, amma təbii ki, qiymət yerli məhsuldan az qala 2 dəfə bahadır. İstifadəçilər qiymətinə uyğun həm də dadında fərq olduğunu deyir, yəni, yerli broyler toyuğuna nisbətən daha dadlıdır. 
Almaniya istehsalı olan çəkilmiş hindtoyuğu ətinin hər kiloqramı 9 manat, toyuq isə 8 manat 50 qəpikdir. Yerli istehsal olan çəkilmiş toyuq ətinin yarım kiloqramı isə əvvəlki qiymətindən daha 30 qəpik bahasına- 1 manat 80 qəpiyə satılır. Satıcılar deyir ki, ucuz olduğuna görə alıcısı daha çoxdur. Paketlənmiş və çəkilmiş toyuq əti adı ilə satılan məhsulun içindəki nədir- bax, bu sual alıcıları da, satıcıları da düşündürür. Amma qiymət ucuzdursa, artıq dad, keyfiyyət kimi məsələlər arxa plana keçir. Ən azından Azərbaycanda.  
5 kq yağ alana 5 kq hədiyyə
Son açıqlamalarda bəzi məhsulların qiymətlərinin ucuzlaşdırıldığı bildirilirdi. Ancaq görünür hələ bu ucuzluq marketlərə gəlib çatmayıb. Əvvəki kimi şəkər tozunun kiloqramı 1manat 29 qəpik, kəllə qənd 1,71 qəpikdir. Marketlərdə son günlər ucuzlaşan məhsullar arasında Azərbaycan istehsalı olan “Drevyanskaya” bitki yağı üstünlük təşkil edir. Maraqlıdır ki, bu yağın 5 kilqoramı 36 manat 60 qəpiyə təklif edilir və üstündə də 5 kilqoram yağ hədiyyə olunur. Yəni 36 manat 60 qəpiyə 10 kiloqram bitki yağı ala bilərsiniz. İlk baxışda bu yağlar kərə yağları ilə dəyişik salınır, üstəlik də adı Rusiya malı görüntüsü yaradır. Amma diqqətlə baxılanda Azərbaycan istehsalı olduğu görünür və kərə yox, bitki yağı olduğu aydındır. Ancaq hətta ən kasıb alıcı da kilqoramı 3 manat 60 qəpiyə olan yağı almaqda tərəddüd edir. Çünki tərkibindən əmin deyil.  
Ənənəvi yanaşma: “Müvafiq tədbirlər görülür”
Beləliklə, müşahidələr göstərir ki, ölkə başçısının süni bahalaşmanın qarşısının alınmasına dair çağırışı hələ piştaxtalara təsir göstərməyib. İqtisadiyyat Nazirliyindən bildirilib ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti hökmran mövqedə olan təsərrüfat subyektləri tərəfindən qiymətlərlə manipulyasiya edilməsi, qiymətlərin gizli üsullarla qaldırılması, məqsədli mal qıtlığı yaradılması və s. yollarla istehlak bazarında qiymətlərin süni artırılması hallarının vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmış Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının verdiyi tapşırıqların icrası məqsədilə Dövlət Xidməti istehlak bazarında aparılan monitorinqlərin intensivliyini artırıb, istehlak bazarına nəzarəti daha da gücləndirib”.
Eyni zamanda, monitorinqlərin nəticələrinin müntəzəm olaraq təhlil olunduğu qeyd edilib: “Qiymətlərdə qeydə alınan dəyişikliklərin səbəbləri araşdırılır, süni qiymət artımına yol verilməsinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülür. Bu məqsədlə istehlak bazarında satışda olan malların əsas idxalçıları, istehsalçıları və satışı ilə məşğul olan sahibkarlarla, habelə aidiyyatı dövlət qurumları ilə birgə müzakirələr aparılır və müvafiq tədbirlər həyata keçirilir”.
“Müvafiq tədbirlər”in nəticəsinin necə olacağını isə alıcı yaxın zamanda kassada hiss edəcək. Edəcəkmi? Marketlərdə diqqət çəkən məqam alıcı sayının azalması və səbətlərin boşalmasıdır. Bütün marketi bir neçə dəfə başdan-başa gəzən alıcıların əksəriyyəti sonunda kassaya səbətlərindəki bir neçə ərzaqla yaxınlaşırdılar. Daha kassaların qarşısındakı uzun növbələr yoxdur... 
Qaynar.Az
Mənbə: “Cümhuriyət” qəzeti