Xəbər lenti

Britaniya: “Rusiya Ukraynanın mülki infrastrukturunu atəşə tutmağa davam edərsə...”
Dünya09:08 13.12.2022

Britaniya: “Rusiya Ukraynanın mülki infrastrukturunu atəşə tutmağa davam edərsə...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, Rusiya mülki infrastrukturu atəşə tutmağa davam edərsə, Böyük Britaniya Ukraynanı daha uzaq mənzilli silah sistemləri ilə təmin etmək imkanını araşdıracaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.
"Mən təmin edə biləcəyimiz silah sistemlərini daim nəzərdən keçirirəm. Bizdə daha uzaq mənzilli sistemlər də var. Əgər rusiyalılar Ukraynanın mülki ərazilərini atəşə tutmağa və Cenevrə konvensiyalarını pozmağa davam edərlərsə, o zaman mən növbəti addımlarımızı nəzərdən keçirməyə açıq olacağam”, - nazir Britaniya parlamentində çıxışı zamanı deyib.
Kiyevə Rusiya pilotsuz uçuş aparatlarını buraxan qurğuları məhv etmək üçün uzaq mənzilli sistemlərlə təmin edilməsinin mümkünlüyü barədə sualı keçmiş baş nazir Boris Conson verib.
Cenevrə Konvensiyaları müharibə zamanı humanist rəftar standartlarını tənzimləyən dörd beynəlxalq müqavilədir. Digər məsələlərlə yanaşı, onlar müharibə zonasında və ətrafındakı mülki şəxsləri müdafiə edir.
Bundan əvvəl "The Times” Pentaqondakı mənbəyə istinadən yazıb ki, ABŞ Ukraynanın enerji infrastrukturunun davamlı atəşə tutulması səbəbindən Kiyevi Rusiya ərazisinə zərbələrdən çəkindirməyi dayandırıb. "Biz Kiyevə demirik ki, rusiyalıları vurmayın. Biz onlara nə edəcəyini deyə bilmərik. Onların silahlarından necə istifadə etmələri öz ixtiyarındadır”, - mənbə bildirib.
Eyni zamanda, o qeyd edib ki, ABŞ Rusiyanın arxa cəbhəsinə hücumlara "sakit razılıq” verir, lakin bir şərtlə: hərbçilər beynəlxalq müharibə qanunlarına və Cenevrə Konvensiyalarına əməl etməlidirlər. Bu bənd mülki şəxslərə zərbələr endirmək, eləcə də konkret insanların məhv edilməsinə icazə vermir və Pentaqon hesab edir ki, Ukrayna buna əməl edir.
Lakin hələlik Kiyev Rusiyaya hücum etmək üçün öz silahlarından istifadə etməyə çalışır. Məsələn, modernləşdirilmiş Sovet Tu-141 pilotsuz təyyarələri Engels və Ryazandakı strateji nüvə aerodromlarına zərbələr endirmək üçün istifadə edilib, - "Politico” Ukrayna hökumətindəki mənbələrə istinadən yazır. Eyni zamanda, Ukrayna hökumətinin anonim müdafiə müşaviri "Financial Times” qəzetinə bildirib ki, bu, belə deyil və bu, Ukrayna hərbçilərinin bizneslə birgə yaratdığı yeni tip PUA-dır. Bu dronlar inertial naviqasiya texnologiyasından istifadə edir və peyk bağlantısı olmadan hərəkət edir, bu da onları vurmağı çətinləşdirir.
Rəsmi olaraq Kiyev Rusiyanın arxa cəbhəsindəki bu əməliyyata görə məsuliyyəti öz üzərinə götürməyib. Xarici işlər naziri Dmitri Kuleba bildirib ki, ilk növbədə, ordu "Ukraynanın işğal olunmuş ərazilərində yerləşən hədəfləri vurmağa” və bu rayonları azad etməyə yönəlib. "Ancaq təbii ki, Ukraynanın eyni hüquqlara malik olmadığı halda, Rusiyanın Ukraynada texniki cəhətdən əlçatan olan hər şeyi edə biləcəyi fikri konseptual, mənəvi və hərbi baxımdan səhvdir”, - o əlavə edib.
Noyabrın 28-də Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov tərəfdaşları "energetika problemini həll etmək” üçün Ukrayna Silahlı Qüvvələrini 800 kilometr mənzilli raketlərlə təmin etməyə çağırıb. "Bu, generatorlara çox qənaət edəcək", - o deyib.
Nizami Bağırov