
Türkiyə mətbuatı bu gün Rizədə yaşayan maraqlı ailə ilə bağlı yazı dərc edib. Qaynar.info xəbər verir ki, bu ailənin üzvləri boylarına görə 200 il hərbi xidmətə yollanmayıb.
Belə ki, Rizənin Çilingir kəndində yaşayan Sarıyer ailəsinin üzvlərinin boyları 90-110 sm arasında olduğundan təxminən 200 il onları əsgər aparmayıblar. Amma bu həsrət artıq bitib. Belə ki, ailənin 22 yaşlı üzvü Rəsul Sarıyerin boyu 1,75 metr olub. Ötən il hərbi xidmətə yollanan Rəsul Aydın və Muğlada xidmət keçdikdən sonra hərbi biletini alaraq doğma kəndinə qayıdıb.
Sarıyer ailəsi ailənin 200 il davam edən həsrətinə son qoyan Rəsulun dönüşünü böyük şənliklə qeyd edib. Hərbi xidmətdən dönən oğlan Anadolu Agentliyinə açıqlamasında "Atam, babam, onun babası və nəslimizin bir çox nümayəndəsi 200 ildi boy səbəbindən hərbi xidmətə getməyib. Bu sevinc mənə nəsib oldu. Hər kəs məni gözləyirdi. Allahın köməkliyi ilə sağ gedib, sağ gəldim. Vətən sevgiisi, vətənə xidmət etmək böyük hissdir" deyib.
Hərbi xidmətdən qayıdan oğlan bildirib ki, anası, nənəsi, qardaşları və ailənin digər üzvləri uşaqlıqdan "Rəsul böyüsün, əsgər getsin" deyə Allaha dua edirmiş.
Qeyd edək ki, 200 ildir heç bir üzvü hərbi xidmətə yollanmayan Sarıyer ailəsinin son olaraq əsgər gedən üzvü geri qayıtmayıb.
Qaynar.info


