"Azərbaycanın ərazi bütövlüyünü vurğulayan sənədlərə istinad edərək münaqişənin həllini məhz özümüz sürətləndirməliyik”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu 1992-ci ildən fəaliyyət göstərən və faktiki olaraq nəticəyə nail ola bilməyən ATƏT-in Minsk Qrupu həmsədr institutunun yenilənməsinin mümkünlüyü ilə bağlı suala cavabında deyib.
Politoloq bildirib ki, Azərbaycan hakimiyyəti, cəmiyyəti ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazıdır:
"Çünki 25 ildir ki, danışıqlar gedir, hələ də bir nəticəsi yoxdur. Formatın dəyişməsini arzu edirik. Bunu dövlət başçısı da vurğulayıb. Bundan başqa dövlət başçısının köməkçisi Hikmət Hacıyev də bildirib ki, Minsk Qrupu toplanmalı və formata yenidən baxılmalıdır. Amma çox təəssüf ki, buna mane olan qüvvələr var. Çünki Ermənistan buna mane olur. Fransa, Rusiya, Amerika - üç həmsədrin özləri də formatın dəyişməsini istəmirlər. Bu cür də davam edə bilməz. Çünki bu formatda münaqişənin həllinə nail ola bilməyəcəyik”.
Politoloqun fikrincə, indiki şəraitdə bu danışıqlar heç bir nəticə verməyəcək:
"Çünki Minsk Qrupunun həmsədrləri özləri də hazırladığı mərhələlər, Madrid planını işğalçıya qəbul etdirmək istəmirlər, bacarmırlar. Bu da Azərbaycanı narahat edir, narazı salır. Bu cür danışıqlar, faydasız səfərlər nə qədər uzana bilər? Yenə də həmsədrlər səfər etmək istəyirlər. Amma düşünürəm ki, bu cür danışıqlardan müvəqəti olaraq imtina etməliyik. Çünki bu danışıqlara bizi cəlb etməklə əslində işğalı uzadırlar. 2016-ci ildə Aprel savaşından sonra da belə olmuşdu, vəd vermişdilər ki, guya danışıqlar intensivləşəcək, amma 4 il keçib, hələ də bir şey yoxdur”.
Elxan Şahinoğlu hesab edir ki, münaqişənin həllində biz çox təəssüf ki, beynəlxalq təşkilatlara ümid edə bilmərik:
"Məgər Ermənistan bizim torpaqları işğal edəndə hansısa beynəlxaq hüquqa, sənədlərə istinad etmişdi? Hüquqları pozdu, amma heç bir dövlət, beynəlxalq təşkilatlar buna görə Ermənistanı cəzalandırmadı və indi də cəzalandırmır. Biz də öz hədəfimizə çatmaqda heç bir beynəlxalq təşkilata, sənədə ümid edə bilmərik. Düzdür, beynəlxalq hüquq bizim tərəfimizdədir, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, müvafiq qətnamələr də var. Amma heç biri işləmir. Bu münaqişəni ancaq özümüz sürətləndirə və həll edə bilərik. Gözləyək ki, ATƏT, yaxud da BMT bu işlə ciddi məşğul olacaq, yox məşğul olmayacaqlar. BMT-nin 4 qətnaməsi var. Hamısı da kağız üzərində qalıb, ATƏT-in fəaliyyəti göz qabağındadır. Biz bu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə, Azərbaycanın ərazi bütövlüyünü vurğulayan sənədlərə istinad edərək münaqişənin həllini məhz özümüz sürətləndirməliyik”.
Bahar Rüstəmli