Xəbər lenti

Bu gün Məmməd Əmin Rəsulzadənin doğum günüdür
Ölkə20:19 30.01.2015

Bu gün Məmməd Əmin Rəsulzadənin doğum günüdür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Qaynar.info xəbər verir ki, bu gün onun anadan olmasının 131-ci ildönümüdür.
Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində doğulub. Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri Rəsulzadə Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarına çevirilib.
1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Daha sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya gətirilib. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edib və SSRİ-ni tərk edib. 1922-ci ildə Petroqraddan Finlandiyaya qaçan Rəsulzadə, qərbi Avropaya, oradan da Türkiyəyə gəlib. 1923-27-ci illərdə onun redaktorluğu ilə İstanbulda "Yeni Qafqasya" jurnalı nəşrə başlayıb, ancaq Moskvanın tələbi ilə kamalist hökümət jurnalı bağlayıb və Rəsulzadə Avropaya getməyə məcbur olur, Varşava və Berlində yaşayıb.
Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat 22.50 radələrində üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyərək əbədiyyətə qovuşub. Ankara radiosu martın 7-sində saat 22.45-də sabiq Azərbaycan milli şürasının sədri M. Ə. Rəsulzadənin vəfat etdiyi xəbərini təəssüflə bütün dünyaya yayıb. M. Ə. Rəsulzadə Ankarada, Əsri qəbirstanlığında dəfn edilib. 
Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim M. Ə. Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" 24 dekabr 1992-ci il tarixli, 254 nömrəli Sərəncamı imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M. Ə. Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" 29 dekabr 1993-cü il tarixli, 79 nömrəli Fərmanı imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" 22 noyabr 2013-cü il tarixli sərəncam imzalayıb.
Qaynar.info