Hüseynbala Səlimov
Əslində hər bir həqiqi islahat,- istər iqtisadi olsun, istərsə siyasi,- bizi Avropaya yaxınlaşdırmalıdır, çünki hər bir əsl islahat zamanı biz təzədən velosiped kəşf etmirik və yaxud da Amerika açmırıq, bu vaxtadək Avropada və dünyanın digər demokratik kəsimlərində tətbiq edilən və sınaqdan keçən modelləri ölkəmizdə bərqərar etməyə çalışırıq.
Amma nədənsə tərsinə olur, bu və ya digər addımı atmamış bizim Avropaya opponentlik etmək istəyimiz artır. Burada ilk baxışda siyasi infantilizm əlamətləri də duymaq olar. Uşaq "Mən özüm! Mən özüm!” deyə böyüklərin köməyini və yardımını rədd edən kimi biz də Avropaya elə belə yanaşırıq: özümüz də bacararıq...
Amma bizə elə gəlir ki, bu məsələnin kökü daha dərindir. Bizi hələ ki Avropadan fərqləndirən cəhətləri iki böyük qrupa ayırmaq olardı: bunun biri bazis-təməl prinsiplərdir, sonrakılar isə yardımçı detallardır. Avropa onunla əməkdaşlıq etməyə can atan ölkələri ilk növbədə təməl prinsipləri dəyişməyə sövq etməyə çalışır, necə ki, bir binanı, tikilini inşa etməmişdən öncə onun özülünü – fundamentini qurmağa çalışırlar.
Biz isə fundamenti - özülü dəyişmək istəmirik, yalnız fasada əl gəzdirməyə çalışırıq ki, həm kənardan babat görünsün, həm də öz insanlarımız üçün dözüləsi olsun ki, onlar oturub-durub başqa fikirlərə düşməsinlər.
Bu isə uzun müddətli perspektivdə, əlbəttə, arzuolunan nəticəni verə bilməz. Amma inadımızdan da əl çəkmir, bu vaxta qədər dünyanın bütün qeyri-demokratik rejimlərinin edə bilmədiyini biz burada etməyə çalışırıq. Fəqət bizi qeyzləndirən heç bu da deyildir. Odur ki, Avropa bizə bir nümunə kimi mane olur. İnsanların bir qisminin yolu Avropadan düşür, digərləri İnternetdən nəsə oxuyur və yaxud da görürlər və axırda da qayıdırlar ki: bəs burada niyə belə deyildir?..
Bax, belə suallar bizi tamam-kamal dilxor edir və gül kimi işlərimizi, indiki və gələcək planlarımızı əməlli-başlı pozur. O səbəbdən də başlayırıq Avropaya inteqrasiyanı bir növ imitasiya etməyə; fasadları yeniləməyə və əlbəttə, Avropa institutlarının qarasınca deyinməyə...
Məhz bu səbəbdəndir ki, Avropa Birliyilə saziş imzalamayan cəmi iki ölkə qalıb: Belarus və Azərbaycan. Belarusun nə düşündüyü bizə qəti məlum deyil. Bizimkilərin dediyi budur ki, gəlin ikitərəfli, individual bir saziş imzalayaq. Avropa da bununla razılaşıb, amma bir neçə il keçməsinə baxmayaraq, bir irəliləyiş yoxdur. Əvvəl deyildi ki, guya bu il may ayında saziş imzalanacaq. Amma ölkədə bəzi qəribə işlər baş verdi və hökumət "Bəs saziş bu tezliklə imzalanmayacaq!” deyəndə buna qəti təəccüblənmədik.
İndi də hökumət üzvləri deyirlər ki, bizim üçün əsas meyar zaman deyil, odur ki, "ölkənin maraqları” yerli–yataqlı, bütün komponentlərilə, necə deyər, hamılıqla nəzərə alınsın, çünki Avropya inteqrasiya edən təkcə adi insanlar, Lenin kişi demiş, "aşağılar” deyil, burada "yuxarı”lar da var və onların da maraqları nəzərə alınmalı, özü də hamıdan əvvəl nəzərə alınmalıdır, əks təqdirdə Avropa bizdən saziş yox, tamam başqa şey görər...
Amma qəribəsi nədir? Ərz etdiyimiz kimi, Mərkəzi Asiya respublikalarını çıxmaqla keçmiş postsovet respublikalarının hamısı AB ilə saziş imzalayıb və yaxud da AB-yə inteqrasiya edib. Ona görə də sadəlövhlük alınmasın: doğrudanmı onlar üçün öz milli maraqları heç bir önəm kəsb etmir? Doğrudanmı həmin ölkələrin siyasi elitası nəyinsə xatirinə ölkələrinin milli maraqlarından tamamilə vaz keçibdir?..
Razılaşın ki, qətiyyən belə ola bilməz. Bəli, bir proses böyük bir kontinentin istənilən yerində insanlara ən azı əsl insan kimi yaşamağa, karyera qurmağa və işləməyə imkan verirsə, o, həmin cəmiyyətin heç ziyanına ola bilərmi? Təsəvvür edin, öz doğma ölkəndən savayı onlarla başqa ölkə də dönüb sənə əsl vətən olur – razılaşın ki, adama ilk baxışda bir röya kimi görünür bu...
İndilər "Breksit”dən misal çəkirlər. Amma "Breksit” İngiltərə cəmiyyətinin yox, siyasətçilərinin maraqlarına cavab verir – hər halda, bizə belə gəlir. Bəli, insanlar aldandılar və bu gün bunu etiraf edir, onları aldadanları "21-ci əsrin makiavelliləri” adlandırırlar.
Bizimkilərin başqa bir arqumenti milli mentalitetlə bağlıdır; guya, Avropada elə proseslər gedir ki, bunlar qətiyyən bizim ənənələrimizə, əxlaqımıza uyğun deyil! Bəli, bəzi məqamlar var. Amma kimsə bunları bütün kontinentə yaymağı düşünürmü?
Əsla! Həm də burada bizim kinofilmlərdən birinin, "Dərviş Parisi partladır” filminin qəhrəmanı Hətəmxan ağanın sözləri yada düşür: "O şeylər ki, bizdə gizlindədir, onlarda aşikardadır”. Bəli, fərq əsasən bundadır. Bəzən bizə elə gəlir ki, "Burada belə şey yoxdur” deməklə hər şey həqiqətən də yox olur, amma əsla belə deyil...
Elə bu səbəbdən də gəlin daşı ətəyimizdən tökək, AB ilə sazişi imzalayaq. Elə edək ki, Türkiyənin vəziyyətinə düşməyək. Bir vaxtlar, avro-inteqrasiya prosesinin lap başlanğıcında Ankaraya bərabərhüquqlu üzv kimi prosesə qoşulmaq təklif olunmuşdu. Amma o vaxtkı rəhbərlik bunu yetərincə dəyərləndirməmişdi. Eyni hal Azərbaycanla bağlı da baş verə bilər: odur ki, nə qədər dəvət edirlər, qəbul edək və prosesə qoşulaq ki, sonra illərlə oturub "ikili standartlar”dan danışmayaq...
Bu il Azərbaycanın diplomatik resursları bir xeyli artacaq: Qoşulmama hərəkatında sədrlik, Türk Dövlətləri Şurasında sədrlik və nəhayət, GUAM-da sədrlik...
Razılaşaq ki, Azərbaycanın bu titullarına "əsl Şərqi Avropa ölkəsi” adı da əlavə edilsə, vəziyyət daha ürəkçaın və xoş olar – həm biz, həm də avropalılar üçün. Gəlin baxaq görək, Qoca Şərqlə Qoca Dünyanın qovuşması necə olur?..