Xəbər lenti

Bu külək Ceffersonun, Çörçilin heykəlini aşırırsa...
Hüseynbala Səlimov
Siyasət06:16 22.06.2020

Bu külək Ceffersonun, Çörçilin heykəlini aşırırsa...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüseynbala Səlimov
Durub desəm ki, sadəlövhlük, yəni hər şeyə inanmaq və nihilizm, yəni heç nəyə inanmamaq eyni bir vərəqin iki üzü kimidi, sözümü qəribçiliyə salmayın.
Düzdür, "Bəs siyasi müstəvidə, xüsusən də siyasət adamları üçün bunların hansı daha yaxşıdır” sualına cavab soruşulanda sanki bircə anlığa  simmetriya tamam pozulur burada və hamı bir ağızdan deyir ki, siyasətçilər üçün sadəlövh vətəndaş və ya təbəə kimi ikinci qiymətli bir tapıntı yoxdur. Yəni ki, xoşbəxt o prezident və yaxud da baş nazirdir ki, onlar nə deyirsə, vətəndaşları, təbəələri, daha nə bilim, seçiciləri göydə bunu tutur, dəstək verir və inanırlar...
Amma burada da "kompensasiyasız” (buna səhv etmiriksə, oyunlar nəzəriyyəsində "sıfır cəmli ssenari”lər - Con Neş ssenariləri də deyilər) keçinmək qətiyyən mümkün olmur, çünki hər bir siyasətçini sadəlövh adamlar kimi, həm də qeyri-sadəlövhlər, hətta nihilistlər əhatə edir. 
Odur ki, hətta tamamilə mümkündür ki, Belarus əhlinin 80-90 faizi indiki prezident A.Lukaşenkoya sidqi–ürəkdən inanırlar, amma biz belələrinin sırasını artırmaq niyyətində deyilik, ona görə ki, Belarusbaşı "Azərbaycanın dostu və qardaşı” olsa da, bizim adam, yəni azərbaycanlı demokratların, daha dəqiqini desək, bizim demokratik müxalifətin yox, beş-üç həqiqi demokratın adamı deyildir. 
Ona görə ki, əsl demokratların dəyər verdiyi siyasətçilər insanların on illər ərzində gözünü qabar eləmir, özlərini "əvəzedilməz adam” saymırlar, əksinə qeyri–adi adamlardan, "yüz ildə bir dəfə doğulanlar”dan biri hesab olunmaq üçün yetərincə əsasları olsa da, belə düşünmür, əksinə hamı ilə bir sırada, eyni cərgədə dayanmağa çalışırlar.
Düşünürük, oxucularımız da bilirlər ki, bu ilin avqustunda Belarusda prezident seçkiləri keçiriləcək və on illər ərzində (belaruslar müstəqil bir millət və dövlət olandan sonra yalnız üçcə il Belarusbaşı olmadan yaşaya biliblər!) olduğu kimi prezidentliyə ən iddialı adam yenə də elə cənab Aleksandr Lukaşenkodur. Bəli, növbəti dəfə prezident olmağa sevdalı olan "batka” yenə də qollarını çırmalayıb geniş bir kampaniya başlamaqdadır. Bu günlərdə xəbər yayıldı ki, Lukaşenko artıq ən əsas və real namizədlərdən sayılan bir adamı – Viktor Babarikonu həbs etdiribdi.
Doğrusu, biz prezidentliyə namizəd olan bu adamı tanımırıq, ola bilsin, o, həqiqətən də Rusiyanın adamıdır. Amma ki, imkanımız olsaydı, Lukaşenko atadan da bir soruşardıq: "Aleksandr ata, bu otuz ildə Belarusun müstəqilliyi üçün nə etmisən? Əgər bir ölkə müstəqil olandan düz otuz il sonra belə yenə müstəqilliyini itirməkdən qorxursa, onu heç müstəqil ölkə saymaq olarmı?..”
Digər bir tərəfdən, maraqlıdır ki, müasir Belarusun bir çox intellektualları, elə o cümlədən Nobel mükafatı laueratı, tanınmış yazıçı Svetlana Alekseyeviç də Babarikonu müdafiə edir. 
Amam hörmətli Lukaşenko ata özünü lap Don Kixot kimi Belarusun müstəqilliyi uğrunda mücahid kimi görür və burada onun da uğrunda savaşa, məhrumiyyətlərə hazır olduğu istiqlaliyyət və ya müstəqillik lap Lamançlı Don Kixotun Dulsineyasına bənzəyir – reallıqda belə bir gözəl yox idi, necə ki, reallıqda müstəqil Belarus yoxdur...
Güman ki, dünya siyasətində bəzi sirli məqamlar, gizli-sirli  sövdələşmələr və hətta konspiroloji elementlər var. Amma düşünmək ki, siyasət bütünlüklə bunlardan ibarətdir, bu, artıq paranoya əlamətidir. Sizi bilmirəm, şəxsən mən Aleksandr Lukaşenko atanın psixoloji durumuna həmişə şübhə etmişəm: demokratik Avropanın içində böyük siyasətin bütünlüklə konspiroloji məzmun kəsb etməsindən, hətta koronavirusun belə Belarusun müstəqiliyini sarsıtmaq üçün ortaya atıldığını demək ən yaxşı halda, bizim azərbaycanlıların dilində, qarabasma ilə gopçuluğun çulğalaşması, ən pis halda isə, avropalı psixo-analitiklərin dilincə desək, aşkar paranoya əlamətidir...
Bəs Belarusbaşının dövranı və yaxud da sabirsayağı desək, cövlanı çoxmu çəkəcək? Birmənalı deyə bilmərik, istisna deyildir ki, Belarusun "müstəqilliyini qorumaq” daha bir neçə il yenə də ona, yəni Aleksandr ataya "həvalə olunacaq”dır. 
Amma dünyada çox maraqlı proseslər gedir və istisna deyil ki, pandemiyadan sonra yeni, böyük, qlobal demokratiya dalğası başlayacaq. Dünyada insanlar Cefferson, Çörçill kimi siyasi nəhənglərin heykəllərini aşırmağa çalışırlar, çünki onlar siyasətçilərdən daha böyük səmimiyyət gözləyirlər, "real-politiks” yox, həqiqətən də maskasız və ya qrimassız demokratiya umurlar. 
Bəli, mümkündür ki, Cefferson kimi ABŞ-ın İstiqlaliyyət Bəyannaməsinin, "Etiqad azadlığı haqqında qanunun” müəllifi, Konstitusiyanın həmmüəlliflərindən biri, Virciniya Universitetinin qurucusu (məzunlardan biri gələcək prezident və məşhur 14 prinsipin müəllifi Vudro Vilson olmuşdu!), Luiziananı ABŞ-a birləşdirən dövlət adamı olasan, amma əsas bu deyil, odur ki, sözünlə işin düz gətirməyibdir, həm böyük demokrat, həm də quldar olmusan, - bəli, insanların bir qismi, ağlar üçün çox böyük bir demokrat, digər rəngdən olanlar, yəni ki, qaradərililər üçün qul sahibi - quldar olmusan və heç kimin də vecinə deyil ki, o vaxt ABŞ-da quldarlığı ləğv etmək elə də asan iş deyildi, təxminən yül il sonra bunu etdilər və düz on il ölkədə vətəndaş müharibəsi yaşandı, buna görə prezindent Avraam Linkolnu öldürdülər və irqçilik problemi yalnız 20-ci əsrin altımışıncı illərində - prezident L.Consonun dövründə birdəfələik (!!!) həll olundu...
Eyni sözləri Çörçill haqqında deyirlər. Bəli, hamı onun İkinci Dünya Müharibəsindəki xidmətlərini etiraf edir, Birləşmiş Avropa ideyasının ən böyük arxitektorlarından biri kimi onu anır, amma, gəl ki, imperialist və ya koloniolist olduğunu da unutmurlar...
Bəli, böyük demokratiya küləyinin nəfəsi artıq duyulur. Bu külək Cefferson, Çörçill kimi nəhəngləri "aşırmağa” iddialı görünürsə, o halda Aleksandr ata kimi siyasət çör-çöpünün onun qarşısında duruş gətirməsi heç mümkündürmü?..