MİLLƏTİN “SİRDAŞ”LARI...
Əslində on illərdir siyasətdən yazan adam kimi siyasət adamlarının davranışı, məntiqi və hətta leksikonu məni təəccübləndirməməlidir. Bu illər ərzində nələr görməmişəm mən? Nələr eşitməmişəm? Üstəlik, onu da yaxşı bilirəm ki, daim cəmiyyətin, millətin adından danışmaq, hər şeyi onlarla bağlamaq dünya siyasətində adi bir haldır.
Amma sərt avtoritar ölkələrdə bütün bunlar o qədər bayağı bir forma alır ki, adam nə qədər çalışır, biganə qala bilmir, əsəblərini cilovlamağı bacarmır.
Bu yazını yazmağa da məni məhz bu amil vadar etdi. Bir detalı yəqin siz də sezmisiniz. Nədən söhbət düşürsə, hansı məsələyə və ya da mətləbə toxunulursa, hakimiyyət partiyaları “Cəmiyyətimiz belə istəyir!” deyirlər və adam qalır mat-məəttəl...
Düşünürsən ki, əcəba, millətin istədiyini sizlər haradan bilirsiniz? Məgər bu millətin sirdaşı, ya ürək dostusunuzmu? Yoxsa sorğu keçirmisiniz və yaxud da demokratik seçkilər təşkil etmisiniz?.. Haradan bilirsiniz ki, bu bicarə cəmiyyət, yazıq insanlar nə istəyir, onların ürəyindən nələr keçir?
Yoxsa bu millət ürəklərinin də mandatını veribdir sizə?.. Təbii ki, bunların heç biri yoxdur. Nə azad sorğu var, nə azad seçki, nə millətin rəy və mülahizələrini zərrə qədər də olsun, nəzərə alan bir hakimiyyət...
Amma yenə də danışırlar. Özü də bir gün, iki gün yox, on illərdir ki, danışırlar və bu millətdən uzaqlaşdıqca, ona yadlaşdıqca daha çox, daha artıq və uca danışmağa başlayırlar.
Əslində millət də, cəmiyyət də çoxdan onlar üçün həqiqi, əsl mahiyyətini itiribdir, sadəcə, öz müstəbid siyasətlərinə demokratik və humanist görünüş vermək üçün millətin adından bir örtük kimi istifadə edirlər. Və bütün bunlar nələrə gətirib çıxarıbdır, - bunu deməyə ehtiyac yoxdur...
TƏSADÜFƏN DOVŞANLAR DA DOĞULMUR...
Bəs nə etməli? Dərindən baxanda görürsən ki, bu bir siyasi modeldir, özü də eybəcər bir modeldir. Ən eybəcər tərəfləri də elə odur ki, bunlar hər bir şeyi bizim adımızdan edirlər, guya ki, bunların etdiklərinin hamısı bizim istəyimizlə olubdur...
Ən çox ürək ağrıdan məqam da budur ki, bütün bunların sonu görünmür. Bir ümid də yoxdur ki, heç olmasa, onu özünə sipər edəsən, onunla və bu ümidin yaratdığı fonla nəfəs alasan...
Özü də getdikcə bu vəziyyətdən qurtuluş əlçatmaz xəyala çevrilir və bilmirsən nə edəsən? Dünya da o qədər qarışıbdır ki, biz artıq yada belə düşmürük. Bəli, Qərb deyilən “siyasi areal” da duman kimi çəkilir.
Artıq ABŞ sanki özünün qınına çəkilibdir. Böyük Britaniya Avropa Birliyindən çıxmaq üçün zəruri prosedurları həyata keçirməyə hazırlaşır. Fransa öz məhvərində fırlanır, orada da seçkilər başları qatıb, orada da izolyasiyaya çağırışlar getdikcə daha inamla səslənir. Qalıb bir Almaniya və bu ölkə Avropa strukturlarının təəssübünü çəkən yeganə dövlətdir və onun səsinə indi yalnız Baltik ölkələrinin siyasətçiləri səs verirlər...
Deməli, qalırıq özümüz və hər şey özümüzdən asılıdır. Bu isə ümidləri bir az da azaldır. Ona görə ki, iş ki qaldı özümüzə onda, hətta ümid üçün də yer qalmır. O səbəbdən ki, özümüz nəsə olsaydıq bizim adımızı yeri gəldi – gəlmədi hallandırmazdılar, səslərimizə və adımıza sahib çıxardıq! Bunların hansını etmişik? Yaxud da etməyə hazırlaşırıq?..
Deməli, çıxış yolu da qalmır və ümid qalır hansısa təsadüflərə, amma təsadüfən heç dovşanlar da doğulmur, ondan qala hansısa cəmiyyətin azad olması, hüquqi bir dövlətin vətəndaşlarına çevrilməsi kimi ciddi bir məsələ ola...
Yox, mən heç kimdən bədgüman deyiləm... Amma gəl, bayağı və ya iyrənc təriflər də yorubdur məni, onlardan da bezmişəm, çünki biz artıq dünyanın ən geri cəmiyyətlərindənik. Hətta Orta Asiya ölkələrindən belə geriyik.
Baxıb görürsən ki, hətta orada da bir çox şeylər bizim Azərbaycandakından fərqli şəkildə baş verir. Demirəm ki, orada azadlıq var, yox, yoxdur. Amma avtoritar hakimiyyət burada olduğu kimi bayağı və utandırıcı arxitektura almayıb, çalışırlar ki, avtoritarizm olsa da ən azı bizdə olduğu qədər bayağı olmasın...
SADƏCƏ, SUSMAQLA DA...
Və nə qədər qəribə olsa da, bütün bunlarda, Azərbaycanda baş verənlərdə bizim də əməyimiz var. Biz unuduruq ki, cəmiyyət, ayrı – ayrı insanlar bəzən sükutları ilə nəyəsə razılıq verirlər...
Bizim hakimiyyətin məntiqi olduqca bəsitdir: insanlar susursa, bizə etiraz etmirsə, deməli dəstək verir! Deyim ki, onlar müəyyən mənada haqlı da görünürlər. Bəlkə belə deyil?..
Sovetlər vaxtında belə bir “praktika” vardı. İclaslarda arabir soruşurdular ki, başqa təkliflər varmı? Hamı susurdu və elə hamı da düşünürdü ki, vicdanı təmizdir. Beləcə, susa–susa biz düz 70 il toltalitar dövlətdə yaşadıq...
İndi də belə... Narahat edən bir məqam da budur ki, öz həyat fəlsəfəmimizi, öz təcrübəmizi uşaqlarımıza da ötürdük və ya ötürürük. Onlar susur və susacaqlar. Sonra da soruşuruq ki, doğrudanmı hər şey beləcə pisləşməyə doğru gedəcək?
Bəs özünüz necə düşünürsünüz? Yəni doğrudanmı hesab edirsiniz ki, hər şey elə beləcə, özü-özünə və yaxud da ki, təsadüfən düzələcəkdir?.. Şəxsən mən buna inanmıram, çünki bir az əvvəldə dedim ki, təsadüfən hətta dovşanlar da doğulmur...
Qaynarinfo.Az