İtaliyanın təcrübəli qapıçılarından olan 44 yaşlı Canluici Buffon "Parma"nın "Peruca" ilə matçında böyük səhvə yol verib.
Qaynarinfo xəbər verir ki, B seriyasında çıxış edən təcrübəli qapıçı 27 illik karyerasına yaraşmayan qol buraxıb. Belə ki, qarşılaşmanın 7-ci dəqiqəsində Jayden Oostervoldenin arxaya ötürməsini saxlamadan digər komanda yoldaşı Enriko Del Pratoya göndərmək istəyən Buffon üzərində heç bir təzyiq olmamasına baxmayaraq gözlənilmədən topu ayağının altından qaçırıb. Qapıçının bu səhvindən istifadə edən rəqib hücumçu topu ələ keçirərək qapıya yönəldib və hesabı 2:0-a çatdırıb.
Onun bu səhvi sosial mediada birmənalı qarşılanmayıb. Hətta təcrübəli qolkiperin karyerasını bitirmək vaxtı yetişdiyini də bildirənlər olub.
Matçın ikinci hissəsində "Parma” qol vursa da, "Peruca” 2:1 hesabı ilə qələbə qazanıb.
Buffon 1995-ci ildə karyerasına başladığı "Parma"ya yay aylarında qayıdıb. İtaliya ikinci liqasında 25 oyun keçirən Cici komandasının yenidən A Seriyasına yüksəlməsinə kömək etməyə çalışır.
"Parma" mövsümün bitməsinə iki oyun qalmış 13-cü pillədə qərarlaşıb.