Siyasət 17:59 09.11.2022

"Bununla Azərbaycan tarixinin mənhus gedişatı dayandırıldı, zəfər və ümid dolu illər müjdələndi"

"Azərbaycan xalqı müstəqilliyin fərəhini belə ürəyininin dərinliklərində hiss edə bilməmiş, öz azadlıq təntənəsini ağrı, nisgil, hüzün qarışıq duyğu seli ilə qeyd etmişdi". 

Bu sözləri Qaynarinfo-ya tanınmış yazar Tural Cəfərov 44 günlük Qarabağ savaşında Azərbaycanın qazandığı qələbə barədə danışarkən deyib. 

O daha sonra bildirib: "Hələ müstəqillik referendumunun nəticələri elan edilməmiş Xankəndi işğal olunmuş, ardınca Xocalı soyqırımı, Şuşanın işğalı ilə davam edən işğal, qaçqınlıq, köçkünlük dolu üzücü, əzablı günlər, aylar, illər başlamışdı. Ancaq xalqımız məğlubiyyətə uğrasa da onunla heç zaman barışmamış, qəlbində daima qələbəyə sonsuz bir inam bəsləmiş, işğal altında olan Vətən torpaqlarını əsla unutmamışdı.

Bu inamın və bu məhəbbətin təcəssümü ilə düşmənin 1000 gündən artıq müddətdə əldə etdiyi torpaqlar cəmi 44 gün ərzində öz əzəli sahibinə, Azərbaycan xalqına qaytarıldı. Bununla da Azərbaycan tarixinin mənhus gedişatı dayandırıldı, zəfər və ümid dolu illər müjdələndi.

Azərbaycan xalqı Ali Baş Komandan başda olmaqla Azərbaycan Ordusunun bu zəfərini əsla unutmayacaq. 

İnanıram ki, Qarabağ zəfəri bundan sonrakı illərə də öz töhfəsini verəcək, Azərbaycan xalqının, dövlətinin yüksəlişində, demokratiya yolunda tərəqqisində, milli özünüdərkində mühüm rol oynayacaq".

Seyid