Xəbər lenti

Burak Yılmaz Ronaldunu üstələdi
İdman17:50 25.03.2021

Burak Yılmaz Ronaldunu üstələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə milli komandasının hücumçusu Burak Yılmaz Portuqaliya yığmasının forvardı Kriştianu Ronaldunu geridə qoyub.
"Report"un "Voetbal International" nəşrinə istinadən məlumatına görə, "ay-ulduzlular"ın kapitanı XXI əsrdə "narıncılar"ı bir rəsmi matçda 3 dəfə məyus edən yeganə futbolçu ünvanına yiyələnib. O, martın 24-də 4:2 hesabı ilə qalib gəldikləri dünya çempionatının seçmə oyununun 15-ci, 34-cü (penalti ilə) və 81-ci dəqiqələrində qol vuraraq, het-trik edib.
Bundan başqa Yılmaz 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsinin həm səfər (1:1), həm də ev oyununda (3:0) fərqlənib. Beləliklə, 36 yaşlı forvard Niderlandla qarşılaşmalarda ümumilikdə 5 qol müəllifi olub.
Ronaldu isə "narıncılar"ın qapısından AVRO-2004-də 1, AVRO-2012-də 2 top keçirib. Daha 1 qol isə 2013-cü ildə yoldaşlıq görüşünə təsadüf edib.
Qeyd edək ki, Portuqaliya yığması martın 24-də DÇ-2022-nin seçmə matçında Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəlib. Kriştianu Ronaldu sonadək meydanda olsa da, fərqlənə bilməyib. Yeganə qolu 36-cı dəqiqədə Maksim Medvedev vurub. Azərbaycan yığmasının kapitanı avtoqol müəllifi olub.