ABŞ-da 11 sentyabr 2001-ci ildə törədilən terror aktının 18 ili tamam olacaq.
Qaynarinfo xəbər verir ki, dəhşətli hadisənin ildönümünə günlər qalmış yeni iddialar irəli sürülüb. "Amazon Prime"ın "Loose Change: 9/11" adlı sənədli filmi həmin dövrdə ABŞ prezidenti olmuş Corc Buşla bağlı iddiaları araşdırıb. Terror günü Buş Floridada yerləşən orta məktəbə ziyarətə getmişdi. Sənədli filmdə səslənən fikirlərə görə, prezident məktəb binasına girmədən öncə təyyarələrdən birinin "Ekiz Qüllələr"ə çırpıldığını öyrənib. Filmdəki şəxslərdən biri isə Corc Buşun hadisəni canlı yayımda izlədiyini bildirib.
TV-lər hücumun görüntülərini ilk təyyarə "Ekiz Qüllələr"ə çırpılandan sonra paylaşmışdı. Nəzəriyyəçilərə görə, bu fakt C.Buşun hadisə baş verməmişdən əvvəl məlumatlı olduğunu sübut edir.
Qeyd edək ki, 11 sentyabr terrorunda 4 sərnişin təyyarəsi qaçırılmış, onlardan ikisi "Ekiz Qüllələr"ə çırpılmışdı. Üçüncü təyyarə Vaşinqtonda Pentaqon binasını hədəf almış, digər təyyarə isə "F-16" tərəfindən zərərsizləşdirilmişdi.
Terror hücumları ümumilikdə 2997 nəfərin həyatına son qoymuş, 6 mindən çox insan yaralanmışdı.