Xəbər lenti

Böyük xəyallar gerçək olur?.. – Turan ordusu
Hüseynbala Səlimov
Siyasət05:48 29.03.2021

Böyük xəyallar gerçək olur?.. – Turan ordusu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüseynbala Səlimov
Doğrudan da inkişaf spiralvari xətt üzrə gedir – məyyən müddətdən sonra biz əvvəlki vəziyyətə qayıdırıq, amma bir qədər yüksələn nöqtə üzrə.
Yaxşı yadımdadır, 90-cı illərin əvvəllərində yeni yaranmış türk respublikalarının Türkiyə ilə inteqrasiyası rus siyasi nəşrlərinin əsas mövzularından biri idi. Bunun adına "türk zolağı” da deyirdilər. Amma o vaxt deyilənlər çin olmadı, yeni türk respublikaları xeyli müddət Rusiyanın təsir dairəsində qalmağa üstünlük verdi və onlardan yalnız Azərbaycan Türkiyə ilə sıx inteqrasiya xəttini götürdü.
İndi həmin mövzu sanki yenidən yada düşüb. Bircə fərqlə ki, indi bu söhbətlər doxsanıncı illərin əvvəllərindən fərqli olaraq bir az məzmun və konkretlik alıblar. Məsələn, martın 31-də Türk Şurası özünün növbəti onlayn tədbirini keçirəcək. Fəqət rusiyalı təhlilçilər buna bir mədəni əməkdaşlıq kimi baxmırlar, əksinə onlar türk respublikalarının hər bir tədbirində dərin geosiyasi məqamlar arayırlar...
Turan ordusu, Türkiyənin Xəzər vasitəsilə Mərkəzi Asiyaya çıxışı, Qazaxıstanın Türküstan şəhərinin türk dünyasının mənəvi mərkəzinə çevrilməsi – bütün bunlar rus yazılı mediasının diqqətindən demək olar ki, düşmür...
Ən çox da Mərkəzi Asiya sarıdan narahatdırlar, halbuki bir vaxt A.Soljenitsın bu regionu "Rusiyanın qarınaltı yükü” adlandırmışdı. İndi nə oldu? Mərkəzi Asiyanın geosiyasi məzənnəsi niyə qalxdı? 
Aydın məsələdir. Rusiyanın geosiyasi iddialarına məzmun verən demək olar ki, həmin türk respublikalarıdır. Amma söhbət Türkiyə ilə hər hansı inteqrasiyadan gedəndə ruslar dərhal qayıdır ki, bununçün on illər, hətta bir əsr lazımdı! Sual olunur: KTMT bir neçə ilə yarandısa, axı niyə görə, məsələn, Turan ordusu on illərdən sonra yaranmalıdır?
Burada qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağdakı qələbəsi də prosesə öz təsirini göstərir. Nə gizlədək, Mərkəzi Asiya respublikları Türkiyənin timsalında özləri üçün bir arxa görmək istəyirlər. 90-ci illər zamanı Türkiyə onlara bunu verə bilmədi. Amma o vaxtdan 20-30 il keçib və Türkiyə özü də xeyli güclənib, öz siyasətndə daha çox sərbəstlik və müstəqillik nümayiş etdirir. Üstəlik, Mərkəzi Asiynaın türk respubliklarının özləri üçün də təqvimdə artıq 90-cı illər deyil.
Amma Rusiyanın təhdidləri hələ də qalır. Təsəvvür edin, bu ölkə nəzərlərini Qazaxıstanın şimal ərazilərinə dikib – guya ki, Qazaxıstanın ərazisi Rusiyanın ona hədiyyəsidir!..
İndi bu məsələlər həm də ona görə aktualdır ki, ABŞ-da hakimiyyətə yeni qüvvə gəlib və yeni prezident Co Bayden Rusiyaya qarşı çox sərt siyasətə yürüdür. Biz dəfələrlə yazmışıq ki, Moskvanı çökdürmək üçün Belarusu və yaxud da Mərkəzi Asiyanı onun təsir dairəsindən çıxarmaq yetər. Bayden bunlardan hansı seçəcək? Ümumiyyətlə, o, belə bir seçin edəcəkmi? Yoxsa onun anti-Rusiya bəyanatları da sadəcə, bir ritorikadı?
Səmimi şəkildə deyirik ki, biz hələ ki bu sualların cavabını bilmirik. Amma belə deyim var, o şey ki baş verməlidir, o, mütləq baş verəcək və bu kimi proseslərin qarşısını almağa çalışmaq sadəcə, ağılsızlıqdır. 
Rusları qeyzləndirən həm də budur ki, onlar da "slavyan ittifaqı” qurmaq istərdilər, amma qura bilmədilər. Bəli, Ukrayna əldən çıxdı, Belarus isə çabalamaqdadır və rus təhlilçilər özləri yazır ki, Minskin də Moskvadan uzaqlaşması bir zaman məsələsidir və bu da gec-tez baş verəcək...
Türk respublikalarına gəldikdə isə, bir millətin öz köklərini araması və öz köklərinə qayıtması normal haldır. 
Vacib deyil ki, Turan klassik bir anlamda bərpa olunsun – yox, buna bəlkə bir lüzum da yoxdur, sadəcə, xalqların biri-birilə əlaqələrini bərpa etmək, onları sərbəstləşdirmək və buna mane olmamaq lazımdır. Belə də baxın, görün, nə qədər ərəb dövləti var dünyada? Axı niyə bir neçə azad və biri-birilə sıx əlaqəli türk dövlətləri olmasın bu dünyada?..