Xəbər lenti

Cahangir Hacıyev Hacı İbrahimin mülkünə niyə həbs qoyub?
Ölkə08:55 12.05.2015

Cahangir Hacıyev Hacı İbrahimin mülkünə niyə həbs qoyub?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Cahangir Hacıyev işi”ndə  “Xəzər adaları” layihəsini reallaşdıran Hacı İbrahim Nehrəmlinin adı çəklir.

Saytlar Azərbaycan Beynəlxalq Bankının “Xəzər adaları” layihəsinə 850 milyon dollar kredit verdiyini yazıb.

Bir müddət əvvəl Hacı İbrahim Nehrəmli redaktorlar ilə görüşündə bildirmişdi ki, Beynəlxalq Bankdan cəmi 57 milyon dollar kredit götürüb.

 “Bir neçə gün əvvəl aparılmış dəqiqləşdirilmiş hesablamaya görə, “Xəzər adaları” layihəsinə 1 milyard 157 milyon dollar xərcləmişəm. Bu vəsaitin cəmi 57 milyon dolları Azərbaycan Beynəlxalq Bankından götürdüyüm kreditdir, qalan məbləğ isə özümün şəxsi vəsaitimdir”,- o demişdi.

İbrahim Nehrəmli əlavə etmişdi ki, faizləri ilə birlikdə Beynəlxalq Banka borcu 70 milyon dollardır.

Hacı İbrahim Nehrəmli qeyd etmişdi ki, Beynəlxalq Bank pulunu geri istəyir və süni adada tikilmiş binalardan bir neçəsini girov götürüb:

"Beynəlxalq Bank gəlib mənim 3 binamı 314 milyon dollara girov götürüb. Çox gözəl. Beynəlxalq Banka deyirəm: “Binaları başqa banklara girov qoya bilərəm?”, deyir “yox”. Deyirəm 314 milyon girova ən azı 200 milyon dollar pul ayırmalı idin. Deyir “Bəli”. Deyirəm, “cəmi 57 milyon dollar ayırmısan, heç olmaza 100 milyon dollar da ayır, buranı qurtarım pulunu götür. Beynəlxalq Bank isə deyir ki, “yox daha mənim pulum yoxdur”. Onlara deyirəm, heç olmasa binalardan girovu götürün. Buna da razı olmurlar və deyirlər ki, "onda bir-iki il gözləyərik, sən binaları tik qurtar, sonra satıb pulumuzu qaytararsan”.

İş adamı sözlərinə belə davam etmişdi: 

“Hacı İbrahim pul alıb ödəməyib. Belə bir şey ola bilməz. Cəmi 57 milyon dollar kredit almışam. Bütün yerdə danışırlar və yuxarılara yazırlar ki, "Hacı İbrahim 57 milyon dollar kredit götürüb, pulu mənimsəyib, ölkəni dağıdır". Bir dayanın və bu şəhərin qapısından içəri girin, görün mən pulları dağıtmışam, yoxsa bura yatırmışam?!”.

Hacı İbrahim Nehrəmli bildirmişdi ki, Beynəlxalq Bank 8%-lə ayırdığı krediti devalvasiyadan sonra 12%-lə geri istəyirdi:

“Mən Beynəlxalq Bankdan 8%-lə kredit almışdım. Mənə məktub göndəriblər ki, faizi 12%-lə ödəyim. Əgər gecikdirsəm 18%-lə ödəyəcəm. 18%-lə də kredit olar?  18%-lə kredit almaq dəmir barmaqlıqlar arxasına girməkdir. Ona görə, faizin artırılması barədə müqaviləyə əlavəyə qol çəkmədim, geri qaytardım”. (Marja)

Qaynar.info