Xəbər lenti

Siyasət 15:27 10.11.2022

Çavuşoğlunun “Naxçıvan bəyanatı” nəyə xidmət edir?

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Səmərqənddə keçirtdiyi mətbuat konfransında bildirib ki, Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə bir sıra sənədlər imzalanacaq. Başlıcası isə o əlavə edib ki, təşkilatın "Naxçıvan sazişi”ndə dəyişiklik ediləcək. 

Qeyd edək ki, "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında" "Naxçıvan sazişi” 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə toplantısı zamanı imzalanıb. Bu saziş təşkilatın strukturunu, məqsəd və vəzifələrini müəyyənləşdirir. 

Çavuşoğlunun dediyi kimi təşkilatın "Naxçıvan sazişi”ndə dəyişiklik ediləcəksə, bu dəyişikliklər nədən ibarət olacaq? 

Politoloq Amid Əliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Çavuşoğlunun TDT-nin Səmərqənd görüşündə təşkilatın "Naxçıvan sazişi”ndə dəyişiklik ediləcəyilə bağlı verdiyi açıqlaması Türkiyənin Azərbaycanla birlikdə diplomatik vasitələrlə İranın iddialarının qarşısını almaq, Naxçıvanın təhlükəsizliyini təmin etmək məqsədi daşıyır:

"Son günlər İran tərəfindən Azərbaycan qarşı təhdidlərin artdığını görürük. Tehran Naxçıvanın Muxtar Respublika statusunun ləğvi və həmin ərazilərin guya, İrana məxsus olduğu barədə cəfəng fikrlər səsləndirib. Bu isə Azərbaycan dövləti və ictimaiyyəti tərəfindən ciddi narazılıqlarla qarşılanıb. Naxçıvanın hüquqi statusu keçən əsrin 20-ci illərində reallaşıb. Həmin zamandan Türkiyə Azərbaycanın Naxçıvan bölgəsinin təhlükəsizliyinin qarantı rolunda çıxış edir. 

TDT çərçivəsində indi əsas diqqəti çəkən məqamlardan biri də Zəngəzur dəhlizinin Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında əlaqəni təmin etməsi məsələsindən ibarətdir. Burada vurğu ona edilib ki, Naxçıvanın təhlükəsizliyinin təmin edilməsi, yeni dəhlizin açılması və İranın Azərbaycana qarşı təhdidlərinin neytrallaşdırılması üçün "Naxçıvan sazişi" yenidən işlənib hazırlanmalıdır. Böyük ehtimalla məhz, bu təhdidlərin qarşısını almaq üçün həmin saziş daha da gücləndiriləcək və bununla da Ankaranın qarant rolunda çıxış etməsi, Naxçıvanın təhlükəsizliyinin təmini, Zəngəzur dəhlizinin Naxçıvandan keçərək Türkiyə və əks istiqamətdə orta dəhliz rolu oynamasının əhəmiyyəti xüsusi olaraq qiymətləndiriləcək. 

Çox güman ki, saziş yenidən işlənib hazırlandıqdan və qəbul olunduqdan sonra ictimaiyyətə də açıqlanacaq. O zaman həmin dəyişikliklərin nədən ibarət olacağını daha aydın görəcəyik. Səmərqənddə TDT-nin XİN rəhbərləri görüşündə həmin məsələnin qaldırılması bir daha ondan xəbər verir ki, diplomatik kanallar vasitəsilə sazişin yenidən işlənib hazırlanması və onun daha da gücləndirilməsi nəzərdə tutulur. İki qardaş ölkə arasında imzalanan "Şuşa bəyannaməsi” də artıq yeni reallıqları nəzərə alır. Güman ki, "Şuşa bəyannaməsi” də məcbur edir ki, Naxçıvanla bağlı olan saziş yenilənsin”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->