Şərqi Anadoluda yerləşən və Avropanın Turizm cənnəti hesab edilən Quyucuk gölü tamamilə quruyub.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1997-ci ildə dərinliyi 13 metr olan Quyucuq gölü sudan yanlış şəkildə istifadə edilməsi səbəbindən məhv olub. Sonuncu dəfə 2014-cü ildə quruma həddinə çatan gölə ətrafda tikilən su anbarları və süni göllərdə toplanılan su ötürülmədiyi üçün problemin həlli mümkün olmayıb. Gölə su axını azalıb və yayda havaların isti keçməsi səbəbindən olan su da buxarlanıb.
Hazırda bataqlığa çevrilən Quyucuq gölündən geriyə sadəcə quşların ayaq izləri və tükləri qalıb.
Əvvəllər 230-dan çox quş növünün olduğu gölə hər il oktyabrın sonu və noyabrın əvvəllərində 40 mindən çox quş köç edirdi.
Məsələ ilə bağlı Qars Ekologiyanın Mühafizəsi Şöbəsi və Milli Parklar İdarəsinin rəsmiləri, mühəndislər və əlaqədar şəxslər qarşıdakı günlərdə iclas keçirərək, gölü xilas etməyin yollarını tapmağa çalışacaqlar.
TÜBİTAK xüsusi mükafatının sahibi, Türkiyənin tanınmış bioloqu Çağan Şəkərçioğlu hazərda gölün qorxunc mənzərə ilə qarşı-qarşıya olduğunu söyləyib və Quyucuq gölünün ən önəmli zamanda, quşların köç etdiyi vaxtda qurumasının minlərlə quşun məhv olmasına səbəb olduğunu deyib.
Qeyd edək ki, Türkiyənin Ramsar müqaviləsi əsasında qoruq elan edilən 13-cü bölgə olan Quyucuq gölü Qars şəhərinin mərkəzindən 40 kilometr şimalda, Arpaçayın sahilində yerləşir. Təxminən 245 hektarlıq ərazini əhatə edən göl və 416 hektarlıq Ramsar ərazisinə sahib olan quş cənnəti dəniz səviyyəsindən 627 metr yüksəklikdədir.