Xəbər lenti

Ceyhun Bayramov erməni həmkarı ilə nələri müzakirə edəcək? – Politoloq
Siyasət 14:38 14.12.2022

Ceyhun Bayramov erməni həmkarı ilə nələri müzakirə edəcək? – Politoloq

"Düşünürəm ki, görüşdə ikili formata aid alternativ variantlar da müzakirə predmeti olacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tofiq Abbasov Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovun yaxın həftələrdə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında növbəti görüşün keçiriləcəyinin nəzərdə tutulduğu barədə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib:
 
"Belə  görüşlərin qrafiki olur. İşçi qruplar hər zaman tərəflər arasında təmasdadır. Kordinasiya işi daimi xarakter daşıyır. Rəsmi diplomatiyanın da vəzifəsi ondan ibarətdir ki, istənilən halda ştatdankənar vəziyyət yaranarsa, onu da nəzərə almaqla prosesin müzakirəsini davam etdirsin. Bir neçə platforma mövcuddur. Rusiya və Brüsselin təklif etdiyi platforma var. Makron da çalışırdı ki, öz platformasını yaratsın. Amma alınmadı. Münaqişə tərəfləri ikili formatda təmaslara geniş yer verməlidir. Amma ermənilərin qeyri-konstruktiv mövqedən çıxış etməsi səbəbindən bu sahədə imkanlar minimum səviyyədədir. Məsələn, Dmestryanı ilə Kişinyov arasında daimi təmaslar var. Tiflis özü də Abxaziya və Cənubi Osetiya ilə münasibətlər saxlayır. Amma ermənilər özlərini hər zaman elə bir tərzdə ifadə edir ki, ikili təmasları sıfra endirir, körpüləri yandırırlar. İrəvan bir qədər müdrik, rasional düşüncəyə malik olsaydı, Azərbaycan və Türkiyəyə yaxın olmağa üstünlük verərdi. Onsuz da istər-istəməz işləri Bakı ilə Ankaradan keçir. Bu mənada, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin nəzərdə tutulan növbəti görüşündə ikili formata aid alternativ variantları da müzakirə edəcəkləri gözləniləndir”. 

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin iclasında çıxışında bildirib ki, yaxın həftələrdə iki ölkənin xarici işlər nazirləri arasında müzakirələr üçün növbəti görüşün keçirilməsi nəzərdə tutulur:"Bu məqsədlə, iki ölkə arasında qarşılıqlı münasibətlərə dair müqavilənin mətni üzrə növbəti yenilənmiş təkliflər tərəfimizdən qarşı tərəfə təqdim edilib”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->