Dövlət Gömrük Komitəsi xarici brend geyimləri Çindən kontrafakt ilə Azərbaycana gətirən sahibkarların məhsullarını müsadirə edib.
Qaynarinfo-nun məlumatına görə, "Lacoste" və "Puma" əmtəə nişanlarından qanunsuz istifadə edilməklə istehsal olunmuş məhsulların Azərbaycana idxalı faktı müəyyən edilib. Məsələ ilə bağlı "Lacoste SA" və "Puma SE" şirkətlərinin müraciətləri əsasında araşdırma aparılıb.
Araşdırmalar nəticəsində sahibkar Ələsgər Hüseynova və "Səyyar Group" MMC-yə məxsus məhsullar Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən saxlanılıb.
Məlumata görə, Ələsgər Hüseynovun sifarişi ilə Çində istehsal edilərək Bakıya gətirilən saxta "Lacoste" markalı 90 kiloqram kişi köynəyi və "Puma" markalı 15 kiloqram kişi köynəyi müsadirə olunub.
Eyni zamanda, nizamnamə kapitalı 10 manat olan, qanuni təmsilçisi Vəfa Sahib qızı Vəliyeva olan "Səyyar Group" MMC-nin sifarişi ilə Çində istehsal edilərək ölkəyə gətirilən saxta "Lacoste" markalı 265 ədəd kişi şalvarı və 115 ədəd çanta da müsadirə edilib.
Bakı Baş Gömrük İdarəsi müsadirə olunmuş məhsulların üzərinə həbs qoyulması üçün məhkəməyə müraciət edib. Məhkəmə müraciəti təmin edərək sözügedən malların üzərinə həbs qoyulmasına qərar verib.
Bildirilib ki, "Lacoste SA" və "Puma SE" şirkətləri tərəfindən həmin sahibkarlardan kompensasiya tələbi və müsadirə olunmuş məhsulların məhv edilməsi ilə bağlı da məhkəməyə müraciət olunacaq.
Aydın
Şərhlər