"Çin müdafiə nazirinin Rusiyaya səfəri ABŞ-ın Tayvana münasibətdə tutduğu mövqeyə cavabdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Çin müdafiə nazirinin Moskvaya səfərini şərh edərkən deyib.
Sabiq nazir bildirib ki, belə addımlarla Pekin ABŞ-dan Tayvana geniş hərbi kömək göstərilməsi ilə bağlı mövqeyinə yenidən baxmğı tələb edir:
"Çin dünyada yaranmış vəziyyətdən öz xeyrinə yararlanmağa çalışır. Pekin ən müxtəlif ölkələrlə hərbi əlaqələr qurmaqda sərbəstdir. Ona görə də Çinin müdafiə naziri Rusiyaya səfər edir. Çinin belə mövqe sərgiləməsi də əslində ABŞ-ın Tayvanla geniş hərbi əlaqələrinin mövcud olması ilə bağlıdır. Bu baxımdan, Çin müdafiə nazirinin Moskvaya səfəri, həm də verilən bəzi bəyanatlar bir növ ABŞ-a təzyiq xarakteri daşıyır.
Belə addımlarla Pekin ABŞ-dan Tayvana geniş hərbi kömək göstərilməsi ilə bağlı mövqeyinə yenidən baxmağı tələb edir. Təbii ki, bu baş verməyəcək. Ona görə də Moskva ilə Pekin arasında hərbi sahədə də hansısa ortaq hərəkətləri gözləməliyik. Pekinlə Moskva arasında hərbi əməkdaşlıq baş tutacaq. Amma onun miqyası və genişlənməsi tendensiyası nəzarət altında olacaq”.
Qeyd edək ki, Çin Xalq Respublikasının müdafiə naziri Li Şanfu Rusiyaya səfərə gəlib. Burada o, prezident Vladimir Putinlə görüşüb.
Rüfət Sultan