İdman 10:42 29.05.2022

Dağlar qoynundakı möhtəşəm final

Xeyli müddət idi Qəbələyə yolum düşmürdü. Açığı, sonuncu dəfə gözəl təbiətə malik bölgələrimizdən birinə nə zaman getdiyimi dəqiq xatırlamıram. Bu üzdən Peşəkar Futbol Liqasının jurnalistlərin orada keçiriləcək Azərbaycan Kubokunun final matçına aparılacağı ilə bağlı elanını görəndə dərhal, vaxt itirmədən müraciət etdim. Oyun günü səhər saatlarından etibarən qələm əhlini sözügedən bölgəyə aparmalı olan avtobus AFFA-nın həyətindən yola düşdü.
 
Təbii ki, ölkə kubokunun finalına gedirdik deyə bizi Qəbələdə nələrin gözlədiyini yaxşı bilirdik. Xırda detallara varmadan yolçuluğun maraqlı keçdiyini deyə bilərəm. PFL-in jurnalistlər üçün ayırdığı çox iri və istənilən yol şəraitində insanları daşıya biləcək rahat nəqliyyat vasitəsində hər hansı narahatlıqdan söhbət gedə bilməzdi. Yolboyu media nümayəndələrinin başlarına gələn maraqlı hadisələri xatırladıb digərlərinin üzünü güldürməsi və Azərbaycanın gözəl təbiət mənzərələrini seyr edə-edə baş qarışdırmaq üçün müxtəlif söhbətlər, fəaliyyətlər də öz yerində…

Bizi sakit qarşılayan şəhər…
 


Qəbələyə çatanda o qədər də böyük futbol ab-havası hiss olunmurdu. Sanki hansısa şəhərə turist kimi getmişdik. Bunu isə hələ oyuna 3 saat qalması ilə izah etmək olardı. Düzdür, kubokun finalında "Qəbələ” oynasaydı, bəlkə də istədiyimiz, gözlədiyimiz ab-havanı hələ saatlar öncədən hiss edə bilərdik. Hər halda adi oyunlar zamanı bölgədə bir canlılıq, hərəkətlilik yaradan çılğın qəbələli fanatların kubokun finalında nələr edə biləcəyini düşünmək elə çətin deyil. Təəssüf ki, bu dəfə onlar sevimli komandalarını finalda görə bilmədilər. Ancaq mövsümboyu alqışalayiq çıxışı sayəsində "Qəbələ”nin Konfrans Liqasına vəsiqə qazandığını nəzərə alsaq, yayda bu bölgədə futbol baxımından maraqlı mənzərələrə şahidlik edəcəyimiz şübhəsizdir…
Bütün bunlara baxmayaraq oyun vaxtı stadiona azarkeş toplaşmışdı. Təbii ki, finalda qarşılaşan "Qarabağ”la "Zirə”nin fanat ordusu da uzun yol qət etdikdən sonra tribunalarda yerini almışdı. Bununla yanaşı stadiona xeyli könüllü cəlb olunmuşdu. Hansı ki, onların əsas rolu matçdan əvvəl və mükafatlandırma zamanı olacaqdı. Müxtəlif tapşırıqlar alan gənc könüllülər media sektorunun qarşısında yerləşdirilmişdi.

Kiçik anlaşmazlıq

Media nümayəndələri demişkən, oraya çatanda hər zaman bizə göstərilən yerdə - stadionun ikinci mərtəbəsindəki otaqda yerləşmişdik. Ancaq sonradan məlum oldu ki, bu dəfə media sektoru aşağıdadır. Yəni, həmişə oyunu izlədiyimiz yerdə deyil, birinci mərtəbənin önündə, çöl tərəfdə, daha səs-küylü və qarşımızdakıların tez-tez bizə görmə məhdudiyyəti yarada biləcəyi zonada olmalıyıq. Mən də daxil bəzi həmkarlarımız əşyalarını yuxarıdakı otaqda buraxıb, ətrafı daha yaxşı izləmək üçün bir neçə dəqiqəlik aşağı düşmüşdük. Ancaq geri qayıdıb ikinci mərtəbədəki otaqda qalan əşyalarımızı götürüb yenidən media sektoruna enmək istəyəndə mühafizəçilərin əngəli ilə qarşılaşdıq. Əşyalarımızı otaqdan götürməyə imkan vermək istəmirdilər. Şirin adındakı rəislərindən tapşırıq aldıqlarını deyən mühafizəçilərə başa sala bilmirdik ki, onları götürməliyik. Daha sonra bizim üçün ayrılan sektora qayıdacağıq. Nə isə, bir neçə dəqiqə sürən çək-çevirdən sonra, nəhayət "halal əşyalarımızı” yuxarıdan götürüb yerimizə qayıda bildik. Əslində, kiçik anlaşmazlıq olsa da Qəbələdə qarşılaşdığımız maraqlı məqamlardan biri idi.

Mənəvi final, bir az da statistika
 


"Qarabağ” - "Zirə” və ya müəllim-tələbə… Əslində komandaların birinin başında Qurban Qurbanov, digərində Rəşad Sadıqov adının olması oyunun necə keçəcəyi haqda hər şeyi aydın şəkildə "danışırdı”. Xeyr, oyunun hər dəqiqəsi, necə keçdiyi haqda uzun-uzadı yazmağa ehtiyac görmürəm. Buna nə həvəsim, nə də beynizi yormaq fikrim var. Oyunda təkcə futbolçular, bir-biri ilə güclü dost bağları olan baş məşqçilər yer almamışdı. Qəbələdəki stadionda ciddi rəqabətdən savayı həm də mənəvi dəyərlər gözlər önünə sərilmişdi. Rəqabət isə təkcə meydanda qaldı. Təbii ki, gərginlik, istək, qol vurmaq həyəcanı, qələbə arzuları da öz yerində. Zatən futbolda məqsəd nədir ki? Çempionluq, azarkeşlərə zövq vermək və… Gözəl arzular. Hə, futbol baxımından meydanda hər şey vardı. Qarşılaşmanın penaltilər seriyasına qədər uzanması kənardan izləyənlərə zövq verdi desək yanılmarıq. Bu əsl final matçının göstəricisi idi. Penaltini vura bilməyənlərin diz çöküb ağlaması, yaşıl "xalıya” şeh kimi düşən göz yaşları, məyusluq hissi keçirənlərə komanda yoldaşlarının təsəllisi… Bütün bunların nədən xəbər veridyini anlatmağa ehtiyac varmı? Məncə xeyr. Düzdür, cari mövsümün bitməsinə bir neçə tur qalmış çempionluğu təmin edən "Qarabağ” öz çəkisini ortaya qoymaqla 7-ci dəfə ölkə kubokunu da başı üzərinə qaldırdı və "Qızıl dubl”unu gerçəkləşdirdi. Bu həm də Azərbaycan futbolu tarixində yeni rekord oldu. Elə baş məşqçi Qurban Qurbanov da yeni rekorda imza atdı. O, bu titula 5-ci dəfə yiyələnən ilk mütəxəssis kimi futbolumuzun tarixinə düşdü. Bütün bunlar heç də Qurbanovun tələbəsinin - Rəşadın zəif məşqi olduğunu deməyə əsas vermir. Veteran futbolçunun cari mövsüm baş məşqçi kimi ikinci dəfə medal qazanmasını xatırlatsaq (Premyer Liqada bürünc, kubokda gümüş), bu, qalan cümlələri tamamlamağa imkan verər. Xarakter, emosiya, mübarizlik, diqqət, hər məğlubiyyətə dərs kimi baxan - bir məşqçidə olmalı olan bütün xüsusiyyətlər Sadıqovda toplanıb. Və bunun onu ən azı Qurbanov qədər böyük məşqçi edəcəyinə şəxsən çox inanıram. Hələlik isə alacağı bəzi dərslər, toplamalı olduğu təcrübələr var. Baş məşqçi olaraq ilk dəfə Konfrans Liqasında öz formalaşdırdığı komandanı izləyəcək. Ümid edirəm ki, hocası kimi elə ilk günlərindən uğurları ilə azərbaycanlı futbolsevərləri sevindirəcək. 

Gözlənilməyən addım və…
 


Qarşılaşmanın mükafatlandırma mərasimi də maraqlı keçdi. Media sektorundan stadiona baxanda çox şey görünürdü. Qalib gələn komandanın sevinci, uduzanların təəssüflü baxışlarla bir-birinə təsəlli verməsi… "Qarabağ”ın azarkeşləri futbolçuları bir-bir tribunalara çağırıb alqışlayırdı. Futbolçularının formalarını azarkeşlərə verməsi də diqqətlərdən yayınmadı. Necə sevinirdilər, bunu həmin an formanı alan azarkeşdən başqa heç kim ifadə edə bilməzdi. Belə bir məqamda bəlkə də gözlənilməyən addım atıldı. Ağdamlı fanatların yer aldığı tribunadan "Rəşad Sadıqov, Rəşad, Rəşad” səsləri eşidilməyə başladı. Ucadan və səmimi səslər idi. Bu, bilirsiniz nə anlama gəlir? Xeyr, rəqib baş məşqçiyə təsəlli vermək düşüncəsi deyildi. Bu, Sadıqovun sabiq komandası "Qarabağ” üçün etdiklərinin heç olmasa kiçik bir hissəsini özünə qaytarmaq istəyi idi. Azarkeşlər sanki özlərini buna borclu hiss edirdi. Təbii, Rəşad "Qarabağ”ın futbolçusu olduğu dönəmlərdə hər zaman azarkeşlərin çağırışına kapitanı olduğu bütün komanda ilə birgə gəldiyi kimi, yenə də onların səsinə səs verdi. Tribunaya yaxınlaşdı və alqışladı. Açığı Sadıqovun həmin an hansı hissləri keçirdiyini də öyrənməyə çalışdım. Mətbuat konfransında məhz bununla bağlı ünvanladığım suala, "Finalda uduzmağım başqa, "Qarabağ” azarkeşlərinin məni səsləməsi isə ayrı bir mövzudur. Özləri də bilirlər ki, həyatımda, karyeramda onların yeri başqadır. Bu gün fərqli klubda çıxış etməyimə baxmayaraq sevgi və sayqı göstərmələri mənim üçün qürurvericidir. Məncə bu, hər bir futbolçu, insan üçün xoş olar… Təşəkkür edirəm onlara, çox sağ olsunlar” - deyə cavab verdi. Əslində bunlar adi sözlər deyildi…

…Möhtəşəm təşkilatçılıq
 

 


Peşəkar Futbol Liqasının mövsümün son oyununa hazırlığını xüsusi qiymətləndirmək lazımdır. Kubokun finalını layiqli şəkildə təşkil etmişdilər. Komandaların mükafatları, mükafatlandırma üçün qurulan stend, könüllülərdən ibarət "dəhliz” öz yerində. Lakin atəşfəşanlıq daha möhtəşəm göründü. Həm Qəbələ stadionunun rəhbərliyi, həm PFL kubokun böyük həyəcanla, gərginliklə keçən final matçının da əyləncəli bitməsini gerçəkləşdirə bilmişdi. Məncə, onlara təşkilatçılığa görə xüsusi təşəkkür borcumuz var. Hə, başqa bir maraqlı məqamı da sizinlə bölüşüm. Mükafatlandırmadan sonra mətbaut konfransında media nümayəndələri məşqçiləri xeyli sual "atəşinə" tutsa da həm Qurbanov, həm də Sadıqov onları səbrlə, üstəlik geniş şəkildə cavablandırmaqdan çəkinmədi…
Nəhayət, Qəbələni tərk etmək vaxtı yetişdi. Heç şübhəsiz, gözəl bölgələrimizdən birindən elə pozitiv hisslərlə də ayrıldıq. Qayıdan baş yolda nələr oldu? Açığı bilmirəm, çünki Qəbələdən çıxarkən yuxuya gedib, yalnız Bakıya çatana yaxın ayılmışdım…

Səbuhi Həsənov