
Ötən gecə ölkənin 11 şəhərində 220 mindən çox adam küçələrə çıxıb.
Braziliyada hökumətin sosial siyasətinə qarşı etiraz aksiyalarının miqyası genişlənməyə davam edir. Anspress-in məlumatına görə iyunun 17-dən 18-nə keçən gecə ölkənin 11 şəhərində 220 mindən çox adam küçələrə çıxıb. Ən kütləvi aksiyalar Rio-de-Janeyro, San-Paulu və Belu-Orizonti şəhərlərində keçirilib. Bu şəhərlərdə etirazçılar şəhər administrasiyası binalarına daxil olmağa cəhd ediblər. Paytaxt Braziliada isə nümayişçilər polisin canlı səddini qıraraq, parlament binasının damına çıxıblar.
Braziliya şəhərlərində etirazlar zamanı polislə toqquşmalarda ümumilikdə 30-dan çox adam xəsarət alıb. Onlardan 20-nin polis əməkdaşları olduğu bildirilir.
Qeyd edək ki, etiraz dalğası iyunun 13-də Rio-de-Janeyroda başlayıb və digər şəhərlərə yayılıb. Nümayişçilər əvvəlcə Dünya Çempionatına çəkilən xərclərin çoxluğuna qarşı çıxır, bu vəsaitin səhiyyə və təhsil sahələrinə ayrılmasını tələb edirdilər. Sonradan ictimai nəqliyyatdan istifadəyə görə haqqın artırılması da daxil olmaqla, ümumilikdə Braziliya hökumətinin sosial siyasətinə qarşı şüarlar səsləndirilməyə başlayıb.
Qaynar.info




















