Danimarka və İsveç hökumətləri söz və fikir azadlığı kimi fundamental prinsiplərini pozmadan Quranın və digər dini mətnlərin publik yandırılmasını necə qadağan etmək və ya məhdudlaşdırmaq barədə düşünürlər. Bir neçə belə hərəkət son vaxtlar hər iki ölkəyə ciddi problemlər yaradıb.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC
yazır.
Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen bazar günü Danimarka DR telekanalına bildirib ki, hökumət müsəlman səfirlikləri qarşısında Quranın yandırılmasını qadağan etmək üçün qanuni yol tapmağa çalışır.
Rasmussen bildirib ki, bu cür hərəkətlər nə bütün Danimarkanı, nə də Danimarka cəmiyyətinin üzərində qurulduğu dəyərləri təmsil etməyən şəxslər tərəfindən təşkil edilir.
"Buna görə də Danimarka hökuməti, məsələn, başqa ölkələrə, mədəniyyətlərə və dinlərə qarşı təhqirlərin edildiyi və bunun Danimarka üçün ciddi mənfi nəticələrə səbəb ola biləcəyi xüsusi vəziyyətlərə müdaxilə imkanlarını araşdıracaq", - Reuters Rasmussendən sitat gətirib.
Danimarkanın xarici işlər naziri ayrıca bəyanatında vurğulayıb ki, Danimarka üçün söz azadlığı fundamental dəyərdir və hakimiyyət məhdudiyyətlər qoymaqla ifadə azadlığını təmin edən konstitusiyadan kənara çıxa bilməz.
Bununla yanaşı, Rasmussen qeyd edir ki, Quranla bağlı hərəkətlər Danimarkanın müsəlman dünyasındakı reputasiyasına xələl gətirib. Nazir açıqlamasında bildirib ki, dünyanın müxtəlif ölkələrində Danimarka "indi digər ölkələrin mədəniyyətinə, dininə və adət-ənənələrinə qarşı təhqiramiz hərəkətlərə göz yuman ölkə kimi baxılır".
İsveçin Baş naziri Ulf Kristersson sosial mediada hökumətinin də bu cür hərəkətlərə qadağa qoymağın yollarını axtardığını və danimarkalı həmkarı Mette Frederiksen ilə məsələni müzakirə etdiyini açıqlayıb.
Kristersson İnstaqramda yazıb: "Biz də milli təhlükəsizliyi və isveçlilərin İsveçdə və dünyada təhlükəsizliyini gücləndirmək məqsədiylə tədbirləri nəzərdən keçirmək üçün vəziyyəti hüquqi nöqteyi-nəzərdən təhlil etməyə başlamışıq".
İsveç və Danimarkada Quranla bağlı son vaxtlar bir neçə ictimai aksiya müsəlman dindarlar arasında hiddətə səbəb olub və bir sıra müsəlman ölkələrinin diplomatik demarşlarına səbəb olub.
İyun ayında İraqdan olan bir xristian qaçqın Stokholmun mərkəzi məscidinin qarşısında Quranı yandırıb.
Daha sonra, artıq iyulun sonunda həmin şəxs yenidən eyni aksiyaya icazə alıb və bunun nəticəsi olaraq etirazçılar Bağdaddakı İsveç səfirliyini ələ keçirərək yandırıblar.
Daha bir belə aksiya ötən həftə Kopenhagendə baş verib: ifrat sağçı "Danimarka Vətənpərvərləri” təşkilatının iki fəalı İraq səfirliyi qarşısında Qurani-Kərimi tapdalayıb, sonra onu və İraq bayrağını yandırıblar.
Nizami Bağırov