Sabah Maltada Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək Malta – Azərbaycan oyunu ərəfəsində baş məşqçisi Canni De Byazinin mətbuat konfransı keçirilib.
Qaynarinfo xəbər verir ki, mütəxəssis sabahkı oyunla əlaqədar fikirlərini bölüşüb:
"Mən ilk gündən demişəm ki, millinin qapısı hamının üzünə açıqdır. İyunda Millətlər Liqasında mübarizə aparacaq heyətin özəyini formalaşdırmağa çalışırıq. Çox güman, bu gün milliyə dəvət alanlar əksəriyyəti bizimlə birlikdə olacaq.
Heyət məsələsinə gəlincə, əvvəlki toplanışlara Eddini dəvət edə bilmirdik. Bunun da əsas səbəbi COVID-19 pandemiyası və daha sonra klubsuz qalması idi. Bizim üçün vacib oyunçudur. Həm hava toplarında, həm də fiziki cəhətdən üstün cəhətləri var. Namik Ələskərovun yüngül zədəsi var və sabahkı oyunda çıxış edə bilməyəcək. Həkimlər Latviya ilə oyuna hazır etməyə çalışırlar. Keçən dəfə dediyim kimi, əvvəlki toplanışlarda əsasən gənclərə üstünlük verirdik. Ancaq zaman göstərdi ki, nəticə qazanmaq üçün komandaya təcrübəli futbolçular da lazımdır. Bu səbəbdən gənclərlə bərabər təcrübəli futbolçulara da dəvət göndərdik".
Səbuhi Həsənov