Xəbər lenti

Asif Nərimanlı
Dünya 09:49 03.04.2024

Dəməşqdə zərbə yeyən İran İsraili niyə Arazın sahilində axtarır?

İsrailin Dəməşqdə İran konsulluğuna zərbə endirməsi Tehranı birbaşa münaqişəyə cəlb etmək məqsədi daşıyır.

Birincisi, İran proksi qüvvələri üzərindən Qəzza müharibəsində İsrailə qarşı döyüşür və bu, Təl-Əvivin Tehran qarşısında "qan itirməsi”nə səbəb olur;

İkincisi, İsrail İrana müdaxilə üçün beynəlxalq koalisiya yaratmaq istədiyi halda, öz sərhədlərində müharibə vəziyyəti ilə üzləşdi və görünür, Təl-Əvivdə Tehranın hərbi toqquşmalardan kənarda qalmasını onun güclənməsinə səbəb olacağını düşünürlər;

Üçüncüsü, İsrail bu cür zərbələrlə İranın müharibəyə birbaşa cəlb olunmasına çalışır: bu baş verərsə, Tehrana qarşı beynəlxalq koalisiyanın yaradılması, yaxud hərbi müdaxiləyə xarici dəstəyin əldə edilməsi imkanı yarana bilər;

İranın "qisas alacağıq” sözləri isə rotirikadan uzağa getməcək, təcrübə belə düşünməyə əsas verir və yalnız proki qüvvələri üzərindən nələrsə etməyə çalışacaq. Lakin əsas proksi gücü olan Hizbullahın prosesə birbaşa qoşulacağı ehtimalı azdır, çünki bu qruplaşmanın hərəkətə keçməsi müharibənin arealının genişlənməsi və ABŞ-ın dəstəklədiyi koalisiya ilə üzləşməsi ilə nəticələnə bilər. İranın Həmas və husilər üzərindən addımlarını davam etdirəcəyi gözləntisi daha çoxdur.

Və bir də Suriyada zərbə yediyi İsraili həmişəki kimi Arazın sahilində axtaracaq. Artıq İran parlamentinin üzvü Cəlal Rəşidi Koçi Azərbaycanı hədəf göstərib. Təklif edib ki, "sionistlərin region ölkələrinin birindəki diplomatik mərkəzlərindən birini, daha yaxşısı Azərbaycanı açıq və birbaşa hədəfə almaq lazımdır”.

SEPAH-ın telegram kanalı da Azərbaycanı ittiham edib. Kanalda iddia olunur ki, "İranın Dəməşqdəki səfirliyinə hücum İsrail ilə "Bakı Respublikası” (Azərbycanı belə adlandırırlar-red) arasında gizli koordinasiya olub”. Və bildirilir ki, "Dəməşqin qisasını almaq üçün uzağa getməyə ehtiyac yoxdur, İsrailin dinləmə və casusluq bazaları bizim yanımızda, İran sərhədindən bir neçə kilometr aralıda, Zəngilanda yerləşir”.

Azərbaycanın hədəf göstərilməsinin Cəlal Rəşidi Koçinin və SEPAH kanalının "özfəaliyyəti” olmadığı bəllidir və burada iki hədəfə oynadıqları aydın görünür.

1. İsraillə birbaşa müharibədən çəkinən İran "qisas” üçün yan hədəflər tapmalıdır və burada "zəif halqa” kimi Azərbaycanı görürlər, hərçənd, Arazın bu tayında aktiv hərbi addımın mümkün olmadığını da yaxşı anlayılar: Bakının hədəf göstərilməsi həm ictimai rəyi "düşmən axtarışına” yönəltməklə İsrail qarşısında zəifliyini ört-basdır etmək, həm də Arazın o tayındakı soydaşlarımıza bizi "düşmən” kimi təqdim etmək məqsədi daşıyır;

2. Azərbaycanın hədəf göstərilməsinin arxasında Bakı-Tehran xəttində yeni gərginlik fazasının açılmasında xüsusilə maraqlı olan SEPAH qanadı dayanır və tədricən normallaşmaya doğru gedən münasibətləri "baltalamaq” məqsədi daşıyır: Tehrandakı səfirliyimizə qarşı törədilən terror aktının təşkilatçıları Dəməşq hücumunu bunun üçün fürsət olaraq görür;

Baş verənlər fonunda İsrailin Bakıdakı səfirliyinə, yaxud israilli diplomatlara qarşı terror hücumunun törədilməsinə cəhd edilə biləcəyi də istisna edilməməlidir.

Asif Nərimanlı

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?