Bu gün Milli Məclisin plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan layihələr müzakirə olunub. İclasda çıxış edən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova təqdim olunan büdcə sənədini ölkənin sosial rifahı, insan kapitalının inkişafı və milli prioritetlərin reallaşdırılması baxımından yüksək qiymətləndirib.
Deputat bildirib ki, büdcənin əsas məqsədi insan amilinə yönəlib. O, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin davam etdirilməsini, iqtisadiyyat və milli təhlükəsizlik sahələrində nəzərdə tutulan tədbirlərin əhəmiyyətini vurğulayıb.
Elnarə Akimova islahatların sürətləndirilməsinin vacibliyini qeyd edərək bir sıra təkliflər irəli sürüb. O bildirib ki, Nazirlər Kabinetinin qərarı ilə dövlət varidatı elan olunmuş müəlliflərin əsərləri çoxcildlik seriyalar şəklində nəşr olunsa, bu, ölkənin mədəni həyatına ciddi töhfə verər. Deputat həmçinin 2004-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə həyata keçirilən latın qrafikalı kütləvi nəşrlərin mühüm mədəni hadisə olduğunu xatırladıb.
Deputat seçildiyi Sumqayıt şəhərindəki vəziyyətə də toxunaraq bəzi mədəniyyət müəssisələrinin acınacaqlı durumda olduğunu qeyd edib. Onun sözlərinə görə, şəhərdəki kitabxanalar və musiqi məktəbləri təmirə ehtiyac duyur, Cəfər Cabbarlı adına Mədəniyyət Evi isə qəzalı vəziyyətdədir.
Elnarə Akimova Hacı Zeynalabdin qəsəbəsində 40 mindən artıq əhalinin yaşamasına baxmayaraq, orada mədəniyyət ocağının olmadığını diqqətə çatdırıb. Bildirib ki, mədəniyyət evləri və kitabxanalar yalnız tədbir məkanları deyil, həm də gənclərin maariflənməsi və zərərli vərdişlərdən uzaq tutulmasında mühüm rol oynayır.
Deputat aidiyyəti qurumları bu istiqamətdə tədbirlər görməyə, təmirə ehtiyacı olan obyektləri nəzarətə götürməyə və yeni mədəniyyət ocaqlarının yaradılmasına çağırıb.
Sonra maliyyə naziri Sahil Babayevə müraciət edən Elnarə Akimova Milli Kitab Mükafatının təsis edilməsi ilə bağlı təklifini səsləndirib:
"Komitə iclasında bu məsələni qaldırmışdım. İnanıram ki, məsələyə həssas yanaşacaqsınız. Çünki dəfələrlə vurğulamışıq ki, siyasət və idman sahələrində beynəlxalq səviyyədə sözümüzü demişik. Bu gün, xüsusilə Zəfərdən sonra, həqiqətlərimizi bədii ifadə vasitəsilə dünyaya çatdırmaq daha da vacibdir. 1990-cı illərin çətin dövründə ümummilli lider Heydər Əliyev ədəbiyyat və mədəniyyətimizi bütövlüklə qoruyub saxladı. Bir neçə gün əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində Prezident İlham Əliyev milli dilin qorunması ilə bağlı çağırış etdi. Hesab edirəm ki, bu gün kitab siyasətinə xüsusi diqqət yetirilməlidir. Çünki kitablarda milli kimliyimiz və yaddaşımız əks olunur. Dil siyasəti ilə yanaşı, yaddaşlı nəsil yetişdirmək istəyiriksə, bu sahələrə sərmayə qoymaqdan çəkinməməliyik.”
Sonda deputat büdcə zərfini yüksək qiymətləndirərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni inkişaf mərhələsində daha böyük uğurlar qazanacağına əmin olduğunu bildirib.
Şərhlər