"Kitabxana bu gün kəndlərdə, bəlkə də, texnologiya və informasiya imkanlarının başlandığı əsas məkanlardan biri olmalıdır. Çünki biz kənd və rayonları təmsil edən deputatlar olaraq görürük ki, insanların elektron hökumət xidmətlərinə və digər rəqəmsal sistemlərə çıxışında müəyyən problemlər mövcuddur".
Qaynarinfo xəbər verir ki, bunu deputat Sahib Alıyev Milli Məclisdə "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
"Kərim müəllimin də qeyd etdiyi kimi, diqqət mütaliə mədəniyyətinin inkişafına yönəlməlidir. Bununla bağlı artıq qonşu Özbəkistanda və Qazaxıstanda müvafiq fərmanlar imzalanıb", deyə Sahib Alıyev əlavə edib.
Deputat qeyd edib ki, bu fərmanlar təsadüfən qəbul edilməyib:
"Çünki nəticələr göz önündədir. Bir daha vurğulamaq istəyirəm ki, mütaliə artıq milli təhlükəsizlik məsələsinə çevrilib. Hesab edirəm ki, Cənubi Koreyada və Birləşmiş Ərəb Əmirliklərində olduğu kimi, mütaliənin təşviqinə dair xüsusi qanuna ehtiyac var. Belə bir qanun mütləq qəbul edilməlidir. Məsələn, Cənubi Koreyada dövlət qulluqçuları üçün iş fasilələri zamanı mütaliəyə xüsusi vaxt ayrılır. Məktəblərdə isə dərslər başlamazdan əvvəl 10–15 dəqiqəlik oxu saatları təşkil olunur.
Böyük Britaniyada aparılan araşdırmalar göstərir ki, uşaqlara mütaliə bacarıqları məktəb dövründən sistemli şəkildə öyrədilməlidir. Hətta bağçalarda da bu istiqamətdə addımlar atılır. Mütəxəssislər yeni doğulmuş körpəsi olan ailələrə baş çəkərək uşaqlarda oxu vərdişlərinin necə formalaşdırılması barədə tövsiyələr verirlər".
Vüqar
Şərhlər