Xəbər lenti

Deputat: "Yataqxana problemi aradan qalxmalıdır"
Ölkə16:18 15.03.2013

Deputat: "Yataqxana problemi aradan qalxmalıdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ölkəmizdə dövlətimizin konkret elm və təhsil siyasəti mövcuddur. Təhsili ayaqda saxlayan 3 əsas amil var: maddi-texniki baza, kadrlar və sosial məsələlər. Son illərdə dövlət özündən asılı olan bir çox məsələləri həll edib. Yəni yeni məktəblər tikilib, maddi texniki təchizatı təmin edilib".

Bunu Qaynar.info-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı deyib. 

Deputat bildirib ki, ölkə tarixində heç vaxt olmadığı kimi son illərdə təhsil sahəsində xeyli addımlar atılıb: "Təhsil sahəsində kadr məsələsində ciddi işlər aparılır. Büdcənin şərtlərinə uyğun olaraq sosial məsələlərin həlli üçün dövlət müəyyən işlər görür. Amma hesab edirəm ki, təhsilin keyfiyyətinin artırılması üçün yerlərdə müəllimlərin, direktorların və təhsil şöbələrinin rəhbərlərinin üzərinə düşür. Əgər məktəblərdə intizam olarsa, tədris də normal şəkildə olacaq".

M.Qasımlının sözlərinə görə, xaricdə azərbaycanlı gənclərin təhsil alması üçün dövlət proqramının qəbul edilməsi müsbət haldır: "Elə ixtisaslar var ki, bizdə yoxdur. Həmin ixtisaslar dünyanın qabaqcıl ölkələrinin universitetlərində tədris olunur. Çalışırıq ki, azərbaycanlı gənclər həmin universitetlərdə təhsil alsınlar. Hesab edirəm ki, Azərbaycan universitetlərini təkcə ölkə üçün deyil, dünya üçün elm və təhsil mərkəzinə çevirməliyik. Bu baxımdan universitetlərin maddi-texniki bazası yaxşılaşdırılmalıdır, həmçinin yataqxana problemi aradan qalxmalıdır. Çünki xaricdən gələn gənclər bu yataqxanalardan istifadə etməlidirlər".

İlkin
Qaynar.info