Xəbər lenti

Deputatdan xəbərdarlıq: "Boynumuza Putin-Medvedyev modeli qoyacaqlar"
Dünya13:35 15.03.2013

Deputatdan xəbərdarlıq: "Boynumuza Putin-Medvedyev modeli qoyacaqlar"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran parlamentinin deputatı Əvəz Heydərpur martın 15-də jurnalistlərə açıqlamasında bu ilin iyununda keçiriləcək prezident seçkisindən danışıb.

“Media forum” saytının məlumatına görə, Əvəz Heydərpur deyib ki, hökumətdəki azğın cərəyanın seçki ərəfəsində təxribatçı əməllərə başlaya biləcəyindən nigarandır: “Qarşıdan gələn prezident seçkisində üsulçular (mühafizəkarlar) bir tərəfdə olacaq, azğın cərəyan isə digər tərəfdə. Lakin nigaranlıq doğuran əsas məsələ ölkənin idarəsini və bir çox mühüm strukturları əlində saxlayan azğın cərəyandır. Geniş imkanlara malik olan bu cərəyan indidən seçki üçün tədarük görür.

Hesab edirəm ki, azğın cərəyanın bayrağını hökumətdəki bir sıra tanınmış şəxslər çiyinlərində daşıyırlar. Bu komanda əvvəlki illərdən fərqli olaraq hazırda destruktiv siyasət yeridir, bunu təbliğ edir. Bu cənabları birləşdirən məsələ seçkiqabağı təxribatçı siyasətin yürüdülməsidir. Sözsüz ki, seçki ərəfəsində təxribatlar davam edəcək. Onlar üsulçular arasındakı bir sıra tanınmış şəxsiyyətlərə qarşı təxribat aparmağı da planlaşdırıblar.

Hesab edirəm ki, üsulçular cərəyanındakı şəxsiyyətlər, o sıradan da Əli Əkbər Vilayəti, Qulaməli Həddad Adil, Məhəmmədbağır Qalibaf, Əli Laricani, İslam Koalisiyası Partiyasının üzvləri və başqaları ayıq olmalı və bir araya gəlib vəziyyəti müzakirə etməlidir. Çünki qarşıdan gələn prezident seçkisində bizi təhdid edən əsas qüvvə azğın cərəyandır. Ayıq olmasaq, zarafat-zarafat Putin-Medvedyev modelini boynumuza qoyacaqlar”.

İranda dini lider ayətullah Əli Xamneyiyə yaxın media və qüvvələr ölkə prezidenti Mahmud Əhmədinejad komandasını, o sıradan da onun qudası, Prezident Administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayini hakimiyyət daxilindəki şübhəli azğın cərəyana rəhbərlikdə günahlandırırlar.

Qaynar.info