41 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizəd Dr. Vasif ismayıl Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
Həmin müraciəti təqdim edirik:
"Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına.
Cənab Prezident, 2 Fevral, 2020-ci il tarixində sizin rəhbərliyiniz altında icra başçıları ilə görüş keçirilib. Sizin orada qarşıdan gələn parlament seçkiləri ilə bağlı fikirlər səsləndirib təlimatlar verdiyinizi güman edirik. Biz, digər namizədlər və seçicilərimiz bu seçkilərin əvvəlkilərdən fərqlənəcəyinə inanırıq. Bunun belə olduğuna qismən əsasımız da mövcuddur. Biz və bizim komandamıza indiyə qədər xırda detalları çıxmaq şərti ilə heç bir təzyiq göstərilməmişdir.
Amma təəssüf ki, iki gündür, xüsusilə də bu gün bizə müəyyən yollarla çətinliklər yaradırlar. Təbliğat maşınımızın ərazidə gəzməsinə mane olurlar. Xeyir-şər evlərində görüş keçirməyimizin qarşısını alırlar. Digər namizədə isə, əksinə, inzibati resurlardan açıq-aşkar istifadə edərək görüşlərinə adam toplamaq, onları siyahıya almaq, icra strukturlarındakı məmurların görüşlərdə müxtəlif vədlər verməsi və s. kimi şəkillərdə dəstək nümayişinə şahid oluruq.
Cənab Prezident, bu seçkilər digərlərindən fərqlənməyəcəkdisə, icra hakimiyyəti və onun strukturları yenə də əvvəlki qaydada seçkiyə müdaxilə edəcəkdisə, o zaman parlamentin buraxılmasına nə gərək vardı!?
Cənab Prezident, mən 41 saylı Sumqayıt birinci seçki dairəsindən millət vəkilliyinə namizədəm. İcra hakimiyyəti və onun strukturları mənə və komandama qarşı təzyiqləri dayandırmasa, mən, bu seçkidən çəkilə bilərəm. Yetər ki, xalqın adamı olmayan, 15 ildə xalqla arasında dərin uçurum yaradan, sumqayıtlıların heç bir probleminə bələd olmayan Hicran xanım Hüseynova seçilsin. İcra hakimiyyəti və onun strukturları da rahat nəfəs ala bilsin.
Cənab Prezident, ümid edirəm ki, bu məktubu oxuyacaqsınız və icra hakimiyyətinə, onun strukturlarına lazımi göstərişləri verəcək, seçkidə rəqabət mühitini bərpa edəcəksiniz.
Hörmətlə,
41 saylı Sumqayıt birinci seçki dairəsindən namizəd
Dr. Vasif ismayıl
Sumqayıt,
4 Fevral, 2020"